Zelenskinin "qələbə planı" suya düşdü: Vaşinqton gizli danışıqları niyə ifşa etdi?

10:20 31 Oktyabr 2024

Rusiya cəbhədə gücünü artırdıqca, Qərb də paralel olaraq Ukraynanın arxasından qaçır və faktiki olaraq Zelenski meydanda çətin vəziyyətdədir. Ukrayna prezidenti Qərbdən narazılığını da gizlətmir. Son olaraq Zelenskinin qələbə planının üzərindən xətt çəkilməsi isə, Kiyevin taleyin ümidinə də yox, Putinin insafına buraxılmasından başqa bir şey deyil. 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Zelenskinin ABŞ rəsmilərindən gizli şəkildə istədiyi raketlər verilməyəcək: "Məşhur deyim var: “İki nəfərin bildiyi artıq sirr deyil”. Ukrayna Prezident Volodimir Zelenski parlamentdə “Qələbə planı”nın açıqladığı 5 bəndiylə yanaşı sənədin məxfi bəndlərinin olduğunu və həmin bəndləri Vaşinqton və Avropadakı müttəfiqlərinə təqdim etdiyini bildirmişdi. ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” dərgisi həmin gizli bəndlərlə bağlı məqalə yayımlayıb. Məqalədə Zelenskinin ABŞ-dan “Tomahawk” raketlərini istədiyi yazılıb. Xəbəri qəzetə ötürən amerikalı rəsmi həmin raketlərin Ukraynaya verilə bilməyəcəyini söyləyib. Məqalədə Volodimir Zelenskinin ABŞ Konqresinin Ukraynaya hərbi yardım məqsədilə ayrılan vəsaitin cəmi 10 faizinin reallaşdırılmasından narazılığı əks olunub".

Politoloq hesab edir ki, rəsmi Vaşinqton qəzetə bu sızmanı qəsdən edib: "Məqsəd Ukrayna Prezidentinə anlatmaq olub ki, onun istəkləri yerinə yetirilməyəcək. "Qapalı danışıqların təfərrütlarının qəzetə ötürülməsi o deməkdir ki, gizli söhbətin mənası yoxdur” - deyən Zelenski Vaşinqtondan haqlı narazılığını səsləndirib. Ukrayna Prezidenti Vaşinqtonun ünvanına ritorik sual da ünvanlayıb: “Rusiya müharibəyə Şimali Koreyadan 100 min hərbçini gətirərsə, mən bu halda nə etməliyəm? Qərb nə edəcək? ABŞ nə edəcək?”.

Volodimir Zelenski ağır vəziyyətdədir, Ukrayna ordusu cəbhə bölgəsində müqavimətini davam etdirsə də, güclər bərabər deyil. Zelenskinin hazırladığı “Qələbə planı” işə yaramadı. Çünki bəri başdan bəlliydi ki, ABŞ və Avropa dövlətləri Zelenskinin həmin plandakı istəklərini yerinə yetirməyəcəklər".

Nigar,

Sitat.info



Xəbər xətti