İran prezident səviyyəsində COP29 iştirak etməyə bilər: Pezeşkiana mane olan səbəb...

19:13 1 Noyabr 2024

"İran rejimi Azərbaycana qarşı yenidən fəaliyyətə keçib. Xüsusilə SEPAH bu prosesi idarə edir. İranın yeni seçilmiş prezident M. Pezeşkianın Kazanda prezident İlham Əliyevlə görüşünə məhz SEPAH icazə verməyib. İranın ali dini rəhbərinin ofisi prezidentin kimlərlə görüşünü müəyyən edir və nəzarət SEPAH-a verilir. Qeyd edim ki, bir müddət bundan əvvəl, Azərbaycan nümayəndə heyəti İranda oldu və nümayəndə heyətinin rəhbəri Şahin Mustafayev İran prezidenti M Pezeşkianla görüşdü. M. Pezeşkian Ş. Mustafayevlə görüşündə İranın Azərbaycanla bağlı səhvlərinin olduğunu etiraf etdi. Azərbaycan ikitərəfli münasibətlərin normallaşması üçün Tehranda səfirliyin fəaliyyətini bərpa etdi".

Bu fikirləri Sitat.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Tehran rejimi öz ənənəvi ritorikasından əl çəkmək istəmir: " Azərbaycanda keçirilən COP29 tədbirində prezident Pezeşkianın iştirakının SEPAH qarşısıni alır. Bunu Azərbaycanın İsraillə əməkdaşlığı kimi manipulyasiya edir. İran rejimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişin əldə edilməsini, Zəngəzur dəhlizinin açılması perspektivinin yaxınlaşmasını özünə qarşı təhdid kimi qəbul edir. Ona görə, Azərbaycana qarşı yenidən təxribatlara və informasiya savaşına strat verib. İran prezidenti Pezeşkian Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür. Amma, SEPAH və mühafizakar kəsim bunun qarşısını alır".

M.Əsədullazadə belə bir qənaətə gəlib ki, İran Azərbaycan əlaqələri bu ölkədə keçirilən seçkilərdə kimin prezident olmasından asılı deyil: "Birbaşa xarici siyasəti Ali Dini rəhbər və onun nəzarət funksiyası olan SEPAH həyata keçirir. Hazırda İranın Azərbaycana qarşı səhvləri davam edir. Tehran rejimi bu səhvləri düzəltmək niyyətində görünmür".

Məğrur,

Sitat.info



Xəbər xətti