Yaxın Şərqdə davam edən İsrail-Fələstin münaqişəsi və Livanda artan gərginlik beynəlxalq siyasi münasibətlərdə və ikitərəfli əlaqələrdə böhran riskini artırır. Donald Trampın bu məsələlərdə tutacağı mövqe regiondakı proseslərə, xüsusilə ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir göstərə bilər. Türkiyə Livan və Fələstinin müdafiəsində qəti mövqe nümayiş etdirərək, Fələstinə dəstəyini gücləndirir. Bu, İsrail və Türkiyə arasındakı münasibətlərin yenidən gərginləşməsinə səbəb ola bilər. Hazırkı durum həm də Ankara və Vaşinqton arasında strateji əməkdaşlığın gələcəyini sual altına qoyur.
Bəs, İsrailin Livanda və Fələstində apardığı müharibə ilə bağlı Trampın mövqeyi necə olacaq? Bu Türkiyə-Amerika münasibətlərinə təsir edəcəkmi? İsrail-Türkiyə münasibətlərində savaşa yola açacaq ciddi gərginlik ola bilərmi?
Bu mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, Tramp bu məsələdə İsraili daha çox dəstəkləyəcək: ”Düşünürəm ki, Bayden də İsraili dəstəkləyirdi, ancaq Tramp daha çox dəstəkləyəcək. Bu birmənalıdır. Türkiyə-Amerika məsələsinə gəldikdə isə Türkiyə-Amerika arasında ilk mərhələdə gərginlik müşahidə olunsa da, ancaq kökdə hər hansı dəyişikliyin olmasını gözləmirəm”.
E.Əmirov vurğulayır ki, Türkiyə-İsrail münasibətlərində də ciddi bir dəyişiklik olacağını gözləmir: ”Vaxtaşırı onların münasibətlərində kritik vəziyyət yaranır. Ancaq birmənalı olaraq qeyd etmək istəyirəm ki, onların münasibətlərinin normallaşmasında Azərbaycanın böyük rolu olub. Azərbaycan artıq qlobal səviyyədə bir gücə çevrilərək bir çox dövlətlər arasında olan münasibətlərin tənzimlənməsində, o cümlədən İsrail-Türkiyə arasında olan münasibətlərin normallaşmasında müstəsna rol oynayır”.
Ekspertin fikrincə İsraillə Türkiyə arasında savaşın olması gözlənilmir: "Bu savaş İsrail üçün də ölümcül ola bilər, Türkiyə üçün də dağıdıcı ola bilər. Bu səbəbdən heç bir tərəf belə birbaşa qarşıdurmaya getməyəcək”.
Aytac Baxış,
Sitat.info