Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın uzaqmənzilli raketlərlə vurulmasına icazə verilməsindən danışıb.
O bildirib ki, artıq NATO ölkələrindən Rusiyanın dərinliklərinə raket zərbələri endirmək cəhdləri olub. Medvedevin sözlərinə görə, Qərb raketlərinin Rusiya Federasiyasının dərinliklərinə endirilməsi, Moskvanın cavab zərbəsi vurmaq hüququ ilə NATO ölkələrinin Rusiyaya hücumu kimi qiymətləndirilə bilər.
Medvedev qeyd edib ki, Qərbin uzaqmənzilli raketləri Rusiyaya qarşı hərbi əməliyyatlara ciddi töhfə verə bilməyəcək.
O, Bayden administrasiyasının Tramp komandasının həll etməli olduğu Rusiya Federasiyası ilə münaqişəni qəsdən gərginləşdirdiyini vurğulayıb. Medvedev Rusiya Federasiyasının ona edilən hücumlara reaksiyası barədə xəbərdarlıq edib, bildirib ki, Bayden ölərkən bəşəriyyətin bir hissəsini özü ilə aparmağa qərar verib.
Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ administrasiyasının Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmağa icazə verməsi həm də perspektivdə and içmədən sonra Trampın müharibəni bitirmək səylərinin qarşısını almağa hesablanıb:
"Tramp demişdir ki, mən hakimiyyətə gəlsəm bir neçə günə, hətta bir sutkaya müharibəni bitirə bilərəm. Tramp böyük ehtimalla Ukraynaya dəstəyi azaldacaq, bu da Ukraynanın Rusiyanın şərtləri ilə masaya oturması ilə nəticələnə bilər. Ona görə də Bayden tələsik belə bir qərar verdi ki, Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirsin və müharibə daha da gərginləşsin. Yəni bıçaq sümüyə dirənsin və artıq tərəflər eyni masa ətrafına otura bilməsin".
K.Novruzovun fikrincə, Baydeni düşündürən Ukrayna deyil, sadəcə Respublikaçıları aciz, gücsüz, yalançı durumuna salmaq niyyətindədir: "İkinci bir tərəfdən Medvedevin açıqlamasına doğrudan da həqiqət var. Bayden adminstrasiyasının hakimiyyət dövründə bir çox regionlarda çox ciddi kataklizimlər müşahidə olundu. O cümlədən Şərqi Avropada , Yaxın Şərqdə hətta Cənubi Qafqazda və digər regionlarda ABŞ hakimiyyəti müharibələrə rəvac verdi və burada iki məqsəd var idi. Birincisi, özünün silah biznesini gücləndirmək , ikincisi müxtəlif regionlarda təsir imkanlarını artırmaq. İndi belə davam edərsə, Rusiyanın cavabı nə olacaq? Mülki obyektləri hədəf almağa davam edəcək, mülki infrastrukturları hədəf alacaq. Eyni zamanda Rusiya prezidenti Vladmir Putin yenilənmiş nüvə doktrinasının təsdiqlədi. Bu da təsadüfi deyil. Bu elə məhz Ağ Evin sözü gedən addımına cavabdır. Bütün hallarda görünən odur ki, müharibə daha da gərginləşəcək, genişlənəcək, danışıqlar imkanı azalacaq və həm də nüvə silahından istifadə imkanı arta bilər".
Ceyran İsmayılzadə,
Sitat.info