Qışda xəstəliklərə qarşı immuniteti necə gücləndirək?

14:55 23 Dekabr 2024

Qış mövsümündə bədənimizin xəstəliklərə qarşı daha güclü olması üçün immun sistemimizi möhkəmləndirməyimiz vacibdir. Soyuq havalarda infeksiyalara daha çox məruz qaldığımız üçün sağlam qidalanma və xalq təbabəti üsullarından istifadə. ön plana çıxır. Təbii qidalar və bitki çayları vasitəsilə həm sağlam qalmaq, həm də enerjimizi yüksək saxlamaq mümkündür.

İmmuniteti gücləndirən effektiv üsullarla bağlı Sitat.info- ya danışan tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, ilk növbədə sağlam qidalanmaq mütləqdir:" İmmuniteti gücləndirən qidalar dedikdə, birincisi sağlam qidalanmaq lazımdır. Az karbohidrat tükətmək, vitaminli, minerallı qidaları daha çox qəbul etmək, meyvə- tərəvəzə fikir vermək və daha çox fiziki aktivliyi artırmaq lazımdır. Bütün bunlar paralel baş vermədikdə orqanizmdə problemlər yaşanır".

Professor qeyd edib ki, ona görə təmiz havada gəzmək, fiziki aktivliyi artırmaq, sağlam qidalanmaq çox mühümdür: "İnsanlar çox qida qəbul edir, lakin az hərəkət edirlər. Qəbul edilən qidaların da böyük əksəriyyəti keyfiyyətsizdir. Bədəni həddən artıq karbohidratla yükləyirlər. Bu da orqanizmdə əlavə problemlər yaradır: insulin dirəncinə, şəkərli diabetə, mübadilə pozuntularına yol açır”.

Aytac Baxış,

Sitat.info



Xəbər xətti