Tehran nüvə proqramı ilə bağlı Qərblə dərhal konstruktiv danışıqlara başlamağa hazırdır.
Sitat.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı bəyan edib.
Nazir bildirib ki, bu danışıqların əsas məqsədi razılaşma əldə etmək olmalıdır.
Arakçı qeyd edib ki, ABŞ-ın vaxtilə nüvə razılaşmasından çıxması strateji səhv olub.
O, İranın danışıqlara əvvəlki şərtlər – Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) əsasında hazır olduğunu vurğulayıb. Plan İranın nüvə proqramına etimadın gücləndirilməsi müqabilində sanksiyaların qaldırılmasını nəzərdə tutur.
Arakçı həmçinin Fransa, Almaniya və Böyük Britaniya ilə artıq ilk danışıqlar raundunun keçirildiyini və növbəti raundun iki həftə ərzində planlaşdırıldığını bildirib.
Nazir ABŞ-ın yeni hökumətinə də müraciət edərək, onlardan konkret siyasət formalaşdırmağı gözlədiklərini vurğulayıb. Tehran isə öz qərarını bu siyasət əsasında qəbul edəcək.
Xatırladaq ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran arasında sanksiyaların qaldırılması müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan nüvə razılaşması imzalanmışdı. Lakin 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp bu razılaşmadan çıxaraq Tehrana qarşı sanksiyaları bərpa etmişdi.