Şəhid oğlu Anar Quliyev "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovun fəaliyyətinə dair ciddi ittihamlarla çıxış edib.
Sitat.info-ya müraciət edərək problemini işıqlandırmağa çalışan A.Quliyev sözügedən qurumun fəaliyyətində qanuna zidd məqamların olduğunu iddia edir. A. Quliyevin sözlərinə görə, "Azərişıq" qanunsuz tikililərə elektrik enerjisi verilməsi və sayğaclaşdırılması üçün müraciət edən mülkiyyət sahibindən 1000 manat rüşvət tələb edir.
A.Quliyev deyir ki, gün ərzində ölkə üzrə 250 qeydiyyat aktı yazılır və bu proses artıq 13 aydır davam edir.
Ümumilikdə, 50 minə yaxın kod açıldığını deyən şikayətçi, ümumilikdə bu vətəndaşlardan toplam 50 milyon manata yaxın qanunsuz vəsaitin alındığını iddia edir.
Xatırladaq ki, 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən prezidentin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağandır”.
Bu şikayətlə əlaqədar Anar Quliyev prokurorluğa və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Şikayətdə qeyd olunur ki, Anar Quliyev, video müraciət yayımladığı üçün “Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi” əsasında işdən azad edildiyini də qeyd edir. Üç azyaşlı uşağı olduğunu vurğulayan Anar Quliyev, işdən çıxarılmasını ədalətsizlik kimi qiymətləndirir və bunun video müraciətə görə olduğunu bildirir.
"Azərişıq" ASC-dən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı məhkəmə olacaq və rəsmi açıqlama məhkəmə qərarından sonra veriləcək.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.
Aytac Baxış,
Sitat.info