Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sitat.info xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Asim Abbasov məhkəməyə barışıq əldə olunması ilə bağlı natoriusda təsdiq olunmuş ərizəni təqdim edib.
Daha sonra zərərçəkən şəxslər sərbəst ifadə verib.
Prosesdə "MedEra" hospitalının xadiməsi, zərərçəkən Nəzakət Paşayeva bildirib ki, heç bir şikayəti və tələbi yoxdur: “Artıq barışıq əldə olunub”.
Prosesdə zərərçəkən qisimdə tanınan "MedEra" hospitalın mühafizəçisi Nürəddin Cəlilov da barışdıqlarını və heç bir şikayətinin olmadığını bildirib.
Daha sonra şahidlər dindirilib.
Məhkəmə yanvarın 16-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.
Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.