Ukraynada ABŞ-la Rusiya arasında proksi müharibə: Gizli danışıqlar gedir...

15:10 6 Mart 2025

"ABŞ dövlət katibi M. Rubio qeyd edib ki, Ukraynada Rusiya və ABŞ arasında proksi müharibə gedir. Bununla da D.Tramp administrasiyası müharibənin ABŞ və Rusiya arasında getdiyini vurğuladı. Göründüyü kimi, Tramp bu proksi müharibədən çəkilmək üçün birinci olaraq Ukraynaya hərbi və kəşfiyyat dəstəyini dayandırıb. Dövlət katibi Rubionun bu açıqlaması, Rusiyanın Ukraynaya qarşı müharibəsində bir növ geopolitik qarşıdurma olduğunu, ABŞ burada tərəf olduğunu, əslində Ağ Ev və Moskva arasında müharibə getdiyinin etirafıdır. V. Putin Ukraynaya qarşı hərbi əməliyyatları Qərbə qarşı olduğunu və Rusiyanın strateji məğlubiyyətinin qarşısını almaq üçün qeyd edib. ABŞ və Rusiya arasında razılaşma atəşkəs ola bilər. Amma, atəşkəs problemin həlli deyil".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, artıq, Ukrayna prezidenti Volodimir Zelenski D.Trampa yazdığı məktubda sülhə hazır olduğunu vurğulayıb: "D.Tramp Konqresdə çıxışında V. Zelenski ilə bağlı kəskin ifadələr işlətmədi. Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişin imzalanması perspektivini vurğuladı. Artıq etiraf edilir ki, bu müharibə Rusiyanın geopolitik mövqeyini gücləndirmək və fövqəldövlət statusu əldə etmək üçün hayata keçirilib. ABŞ da bunun qarşısını almaq üçün Ukraynaya hərbi yardımlar edir. D.Tramp Rusiya ilə proksi müharibədə güzəştə gedərsə,bu  ABŞ-ın Rusiyaya hərbi müstəvidə məğlub olmasıdır. Nəticədə, Rusiya bu proksi muharibədə Qərb üzərində parlaq hərbi və siyasi qələbə edə bilər. ABŞ prezidenti Ukraynaya dəstəyi kəsməklə, Rusiyanın da atəşkəsə getməsini istəyəcək. Əgər, Rusiya atəşkəsə getməsə, Ukrayna və ABŞ danışıqları bərpa olunacaq və hərbi yardımlar bərpa edilə bilər".

M.Əsədullazadə hesab edir ki, Vaşinqton və Moskva arasında konfedensial danışıqlar gedir: "Rusiya güzəştlər əldə etməsə, geri çəkilməsi mümkün görünmür. D. Tramp Ukraynada Rusiyaya güzəştə gedərsə, Avropa və Ukrayna razılaşmayacaq, müharibə davam edəcək. ABŞ -la Rusiya arasında nüfuz dairəsinin formalaşması istiqamətində danışıqları Azərbaycana da təsir edə bilər. Ona görə də Azərbaycan Türkiyə və Pakistanla hərbi müstəvidə əməkdaşlığı inkişaf etdirir. Proksi müharibələr nüfuz və təsir dairəsinin formalaşması uğrunda gedir. Rusiya daima Cənubi Qafqaz ölkələrini təhdid edib".

 



Xəbər xətti