Bir neçə gün öncə Avropa Birliyi liderləri Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq qitənin hərbiləşdirilməsi planı məsələsində razılığa gəliblər. Bu barədə Avropa Parlamenti məlumat yayıb. Avropa Komissiyasının(AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının yenidən silahlandırılması barədə rəsmi açıqlama verib. O bu addımın təhlükəsiz və dayanıqlı Avropa üçün atıldığını bildirib. Onun sözlərinə görə,Avropa Komissiyası həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə vasitələrinin və Ukrayna üçün silahların istehsalı məqsədiylə 150 milyard avroluq kredit cəlb etməyi planlaşdırır.
Görsənən odur ki,Avropa İttifaqı həm öz təhlükəsizliyi,həm də Ukraynaya dəstək mövzusunda geri addım atmayacaq. Bu isə Rusiya-Ukrayna savaşının ən azından hələ bir müddət də davam edəcəyi ehtimalını gücləndirir. İndiki məqamda nə Rusiya,nə də Ukrayna tərəfi hansısa ciddi kompromisə hazır görsənmir. Çünki hər iki tərəf üç ildən çox davam edən savaşda yüz minlərlə hərbçisini itirib. Bu konteksdə qarşı tərəfə ediləcək hansısa güzəşt daxili auditoriyada böyük narazılıqla qarşılanacaq.
Bundan başqa son dövrlərdə Avropa İttifaqının bir neçə rəsmisi açıq şəkildə Rusiyanın qitə üçün ən ciddi təhdid olduğunu qeyd edib. Avropa silahlanırsa bunun əsas səbəbi Rusiyadan gələ biləcək təhdidlərdir. ABŞ-dən fərqli olaraq Aİ Rusiya ilə qonşuluqda yerləşir. Avropa rəsmilərinin hazırki əsas qayğısı da Rusiyanın Ukraynada hərbi qələbə qazanacağı təqdirdə rəsmi Moskvanın daha da aqressivləşəcəyi ssenarisidir.
Siyasi şərhçi Elçin Baxşalızadə,
Sitat.info