Yeni yol haqda xəbərlər narahatlıq yaradır; politoloq: “Bu suala ən doğru cavabı Azərbaycan rəsmiləri verməlidirlər...”
Rusiya-Azərbaycan-Ermənistan liderləri arasında imzalanan 10 noyabr birgə bəyanatının 6-cı maddəsində Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzətdə tutulur. Həmin bənddə qeyd edilir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatın 6-cı bəndini olduğu kimi nəzərinizə çatdırırıq: ”Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir".
Artıq 3 ilin yarıya qədər hissəsi geridə qalıb və Azərbaycan torpaqlarında 30 ilə yaxındır qanunsuz məskunlaşmış ermənilər yır-yığış edib getməlidirlər, razılaşmaya uyğun olaraq. Ancaq onların Kəlbəcər və digər ərazilərdəki vandallıqlarını təkrarlamayacağına da inam yoxdur. Bu mənada azərbaycanlı köçkünlərə məxsus evlərin talanmamasına nəzarət həm də sülhməramlıların üzərinə düşür. Son zamanlar Laçın ərazisində yol tikintisi ilə bağlı xəbərlərin intensiv yayılması da bu istiqamətdə hərəkətliliyin olmasından xəbər verir. Bir neçə gün əvvəl belə xəbər yayılmışdı ki, Laçın dəhlizinə alternativ yolun Həkəri çayı üzərindən çəkilən körpüsü artıq inşa edilməyə başlayıb. Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində Ermənistanın işğalı altında olan Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axan Həkəri çayının üzərindəki körpünün partladıldığı barədə məlumat yayılmışdı. İnşa işlərinin fotosunu və informasiyanı sosial şəbəkələrdə ilk paylaşan hərbi ekspert Ədalət Verdiyev bildirmişdi ki, körpünü Azərbaycan şirkətləri inşa edir. Ancaq ekspert onu da qeyd etmişdi ki, Laçın dəhlizini rus sülhməramlıların nəzarətinə verdiyimizə görə hazırda Laçın rayon mərkəzində və çox sayda yaşayış məntəqələrində Azərbaycanın inşaat-bərpa işləri həyata keçirmək imkanı yoxdur. Ə.Verdiyev mətbuata deyib ki, körpünün inşaatına daha əvvəl başlamışdıq. Lakin Ermənistan tərəfi Zəngəzur dəhlizi və digər sərhəd təyin edilmə prosesinə kifayət qədər soyuq yanaşdığına, işləri ləngitdiyinə görə Azərbaycan da bu inşaatı dayandırmışdı. Son günlərdə isə cənab Prezidentin dediyi kimi, Ermənistandan müsbət siqnallar alınır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəmir yolu xətti ilə bağlı anlaşmaya sadiq qalacaqları barədə növbəti dəfə açıqlama verib. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən Türkiyə ilə münasibətlər barədə də normal mövqelər eşidilməkdədir. Türkiyə və Ermənistan arasında qarşılıqlı uçuşlar də icra olunmaqdadır. Bütün bunlar 10 noyabr anlaşmasının icrası istiqamətində addımlar atıla biləcəyi ehtimalını irəli sürmək imkanı verir.
Ancaq yayılan son informasiyalar heç də hər şeyin öz axarı ilə getməyəcəyi narahatlığını da yaradır. “Turan” xəbər verir ki, fevralın 1-də ermənilərə məxsus teleqram kanallarında Laçın dəhlizinin yeni marşrutu haqqında maraqlı məlumat yayılıb. Bildirilir ki, xəbər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ermənilərin tezliklə Laçın şəhərini tərk etməli olması ilə bağlıdır. Bu, o deməkdir ki, ermənilər artıq dəhlizin şəhərdən keçən hissəsindən istifadə edə bilməyəcəklər.
Qeyd edək ki, Qarabağı Ermənistanla birləşdirəcək yeni yol-dəhliz Kərkicahandan (Xankəndi ətrafında) Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçməklə çəkiləcək. Daha sonra yol Laçın şəhərindən yan keçməklə, Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçəcək və Ermənistanın Kornidzor qəsəbəsinə çıxacaq.
Qarabağdakı erməni mənbələri bunun ermənilərin tezliklə Laçını tərk etməsi ilə bağlı olduğunu təsdiq edirlər. Xəritəyə baxdıqda yolun iki yeni hissəsinin tikiləcəyi görünür. Amma hazırkı yolun təqribən yarısından da istifadə olunacaq. Əgər belədirsə, deməli, bu hissələrdə ermənilər və azərbaycanlılar üz-üzə gələcək. Lakin istənilən halda, ermənilər üçün yol uzanacaq.
Bundan başqa, Laçın yaxınlığında yeni və köhnə yollar kəsişməli olacaq. Maraqlıdır ki, Laçın şəhərindən yan keçəcək yeni dəhliz yolunun inşası haqda rəsmi məlumat da yoxdur. Lakin ötən ilin sentyabrında Paşinyan parlamentin iclasında bildirib ki, mövcud Laçın dəhlizinin dəyişməz qalması üçün əllərindən gələni edəcəklər. Onun sözlərinə görə, bu mövzuda “Qarabağ hakimiyyəti” və Rusiya sülhməramlı korpusunun komandanlığı ilə işçi müzakirələr aparılıb, sonra Ermənistan nümayəndələri də onlara qoşulacaq. İrəvanın davranışlarından belə anlaşılır ki, onları Laçın şəhərinin içərisindən keçən indiki dəhliz tam qane edir və təzəsinə ehtiyac yoxdur. Ən azı yeni yolun açılmasına mane olacaqlar. Məqsəd həm də Laçın koridoru yaxınlığında Azərbaycan kəndlərində yerləşdirilmiş ermənilərin “təhlükəsizliyidir”. Çünki əsasən Şuşanın kəndləri Laçın dəhlizi istiqamətində yerləşir, alternativ yol tikintisi başa çatdıqdan sonra həmin kəndlər də Azərbaycanın nəzarətinə qayıtmalıdır. Amma ermənilərin yeni iddiası doğrudursa, o halda xatırlatmaqda fayda var: axı adıçəkilən kəndlər də Şuşanındır. O halda rəsmi Bakının açıqlaması olduqca vacibdir. Ermənilərin yeni yolla bağlı dedikləri doğrudurmu? Alternativ yolu Azərbaycan tərəfimi çəkir?
Deputat, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Məlumdur ki, Laçın dəhlizinə alternativ olaraq yeni yolun çəkilməsi 10 noyabr 2020 -ci il tarixli üçtərəfli razılaşmanın 6-cı bəndinə əsasən aparıla bilər. Həmin sazişdə də üç dövlətin rəhbərlərinin imzası var. Yəni bu, o deməkdir ki, yolun çəkilişi hər üç dövlətin marağında olmalıdır. Həmin razılaşmada 1 dekabr 2020-ci il tarixində Laçın rayonunun azad olması göstərilir. Laçın dəhlizi isə Ermənistan və Qarabağ arasında Şuşaya dəxli olmadan əlaqə kimi qalmalıdır, Rusiya sülhməramlıları tərəfindən nəzarət edilməlidir”. A.Nağıyev xatırlatdı ki, o zaman ermənilər dəhlizin eninin 10 km olmasına cəhd etdilər, lakin Prezident İlham Əliyevin qəti mövqeyi nəticəsində 5 km-lik razılaşma oldu: “Burada da əsas məqsəd həmin o zolaqlarda qalan kənd və Laçın şəhəri ilə bağlı idi. Təbii ki, 3 il müddətinə yeni bir hərəkət marşrutunun tikilməsi və Laçın şəhərinin tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi mühüm bir məsələdir. Avtomatik olaraq Rusiya sülhməramlıları da Laçındakı dislokasiya yerini tərk edib, yeni çəkilən yola nəzarət edəcəklər”. Deputat qeyd olunanları nəzərə alaraq dedi ki, yolun çəkilişi hər üç dövlət tərəfindən aparıla bilər: “Bunu isə ancaq həmin dövlətlərin cavabdeh qurumları daha dəqiq bilir. Azərbaycan bu yolu tikməklə Laçına tam nəzarəti bərpa edir, rus sülhməramlıları isə Laçından çıxır. Yolun Həkəri çayı üzərindən körpü vasitəsilə çəkilməsi mühüm bir məsələdir. Rusiyanın da bu yolun çəkilməsində öz maraqları var və əsas arqument də odur ki, sülhməramlılar rahat bir şəraitdə işləyə bilərlər və daha dəqiq desək, bəhanə yerləri də qalmır. Bir sözlə, bu yolun çəkilməsi məsələsi yeni bir ideya deyil, əsas odur ki, sülhməramlılar Laçın şəhərindən çıxmalıdırlar və artıq Azərbaycan tərəfi şəhərin infrastrukturlarının bərpasına başlamaq imkanı qazanır və bir sözlə, yeni yol Laçından keçməyəcək, bu isə ciddi məsələdir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, əslində yolla bağlı suallar siyasi ekspertlərə yox, Azərbaycan rəsmilərinə ünvanlanmalıdır: “Aydınlıq yaranmalıdır ki, Laçında aparılan yol tikintisini kim aparır, Azərbaycanmı? Çünki 10 noyabr bəyanatında bir maddə var idi, o yol tikilməli idi ki, biz Laçın şəhərini nəzarətə götürə bilək. Amma mən o zaman olduğu kimi, indi də hesab edirəm ki, Zəngəzur dəhlizi məsələsi həll olunmayana qədər bu yolun tikintisinə başlamaq bilmirəm nə dərəcədə doğrudur? Ermənistan Zəngəzur dəhlizi məsələsi ilə bağlı bizimlə razılığa gəlsə, bəli, bu yol tikilib ermənilərin istifadəsinə verilə bilər. O zaman Laçın şəhərinə və ətraf ərazilərə nəzarəti ələ keçirə bilərik. Amma bu suala ən doğru cavabı Azərbaycan rəsmiləri verməlidirlər ki, o istiqamətdə tikinti aparan şirkətlər kimə məxsusdur? Bizmi tikirik? Tikiriksə, niyə bu məsələ aydınlaşmır?”
Məsələ ilə bağlı müraciət etdiyimiz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan bütün infrastruktur layihələri - buraya yol infrastrukturu da aiddir - Əlaqələndirmə Qərargahı tərəfindən məlumat verilir. Yəqin ki, adıçəkilən qurum ictimaiyyəti çox intizarda saxlamaz...
Musavat.com