"Hər zaman vurğulamışam ki, dövlət satınalmalarında, tenderlərdə kiçik-orta sahibkarların iştirakı, cəlb olunması iqtisadiyyatda ciddi multiplikativ effekt yarada, yeni iş yerlərinin yaranmasına, iqtisadi aktivliyin artmasına səbəb ola bilər. Misal kimi, 1929-32-ci illərdə ABŞ-da böhran zamanı alınan qərarları göstərmişdim. İqtisadiyyatın qarşısında ən böyük maniələrdən biri hüquq-mühafizə orqanlarının müdaxiləsi, ədalətli və sürətlə çalışan məhkəmə sisteminin olmamasıdır ki, bu haqda da dəfələrlə danışmışam.
Dünən Baş Nazir hörmətli Əli Əsədovun rəhbərliyi ilə iqtisadi Şuranın iclası olub. Rəsmi məlumat: “Toplantıda, "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"-u tərəfindən hazırlanan "Məhkəmə və hüquq" sahəsinə və "Dövlət satınalma prosedurları" sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub. Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq hökumətə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib”. Əgər doğurdan da bu məsələlərə, problemlərə yönəlik əməli addımlar atılacaqsa, bu iqtisadiyyatda ciddi müsbət dalğalar yarada bilər".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, gec olsa da, doğru bir addımdır: "Sadəcə düşünürsən ki, illərdir bu haqda danışırdıq, yazırdıq, hökumət niyə belə gec davranır, amma, olsun, gec olsun-güc olsun, istiqamət doğrudur, indi sürətlə qərarlar verilməlidir - keçirilən iclasda məsələlər doğru qaldırılıb, indi düzgün qərarlar zamanıdır. Məsələn, 25 oktyabr 2019-cu ildə medaiaya verdiyim açıqlamada, o zaman ayrıca İqtisad Məhkəmələri yaradılmasının yanlış olduğunu söyləmişdim: “İqtisadiyyatda dönüş olması üçün ədalətli məhkəmə sistemi olmazsa-olmazdır, amma hökumət yenə də başqa yol tutmaq, iqtisadi məsələləri həll etmək üçün ayrıca məhkəmə sistemi yaratmaq istəyir - səhv yoldur. Bizdə biznesin əsas dərdi, problemləri bir-birləri ilə olmur ki, İqtisadi məhkəməyə gedib onu həll etsinlər. Biznesin əsas dərdi yerli icra hakimiyyəti ilə, nazirliklər və dövlət idarələri ilə, hüquq-mühafizə orqanları ilə olur - o zaman biznes nə etsin?! Məhkəmə, hüquq-mühafizə orqanlarının işi kökündən dəyişməsə ayrıca İqtisad Məhkəmələri heç nəyə dərman olmayacaq və iqtisadiyyat da inkişaf etməyəcək”.İllər öncə gündəmə gətirib həllini istədiyimiz məsələlər indi müzakirəyə çıxarılır. Zaman, ən əsası da, iqtisadi fürsətlər itiririk...".
Nigar,
Sitat.info