İran raketi Türkiyədəki İncirlik aviabazasını hədəf almış ola bilər - The New York Times yazır.

12:13 5 Mart 2026

İncirlik aviabazasında ABŞ hərbçiləri yerləşdirilsə də, Türkiyə öz hava məkanının İrana qarşı hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyini bildirib. Bu barədə The New York Times yazır.

Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumata görə, İran raketi İraq və Suriyanın üzərindən uçub. Lakin bəyanatda raketin konkret hansı hədəfə yönəldiyi açıqlanmayıb.

Bununla belə, yüksək rütbəli amerikalı hərbi rəsmilərdən biri və digər Qərb rəsmisi raketin NATO üzvü olan Türkiyədə yerləşən İncirlik aviabazasını hədəf aldığını iddia edib. Həmin bazada ABŞ Hərbi Hava Qüvvələrinin böyük kontingenti, eləcə də digər müttəfiq ölkələrin hərbçiləri yerləşir.

Rəsmilərin sözlərinə görə, İran raketi Aralıq dənizinin şərqində yerləşən ABŞ hərbi gəmisindən buraxılan raketlə məhv edilib. 

Onu məhv edən sursatın qalıqları Türkiyənin Suriyaya yaxın yerləşən Hatay vilayətinin cənub-mərkəzi hissəsinə düşüb.

NATO üzvü və İranla təxminən 300 millik sərhədi olan Türkiyəyə hücum ciddi eskalasiya sayılır və bu, NATO- nun qarşılıqlı müdafiə maddəsinin işə düşməsinə səbəb ola bilər. Bu halda alyansın 32 üzv ölkəsi müharibəyə cəlb oluna bilər.

NATO sözçüsü Allison Hart bildirib ki, alyans Türkiyəyə qarşı hücumu qınayır. 

Nəşrin yazdığına görə, Türkiyəyə zərbə Ankara ilə Tehran arasındakı münasibətlərə də təsir göstərə bilər. İki ölkə arasında uzunmüddətli diplomatik və ticarət əlaqələri mövcuddur və Türkiyə son dövrdə müharibənin qarşısını almağa yönəlmiş diplomatik təşəbbüslərdə fəal iştirak edirdi.

Qeyd edək ki, rəsmi Tehran Türkiyə ərazisinə raket atılması barədə məlumatları təkzib edib.

Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb. İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost ölkə Türkiyənin suverenliyinə hörmət edir və həmin ölkənin ərazisinə hər hansı raket atılmasını təkzib edir”, - bəyanatda deyilir.

Tehran,

Sitat.info 



Xəbər xətti