"İstər İsrail, istərsə də Moskva..." - Sərdar Cəlaloğlu Naxçıvana DRON HÜCUMUNDAN danışdı

14:14 6 Mart 2026

"Əvvəlcə onu da qeyd etmək lazımdır ki, Rusiya–Ukrayna müharibəsində də iki dövlətdən birinin raket və dronları başqa bir dövlətin ərazisinə düşüb. Burada qeyri-adi heç nə yoxdur. Hətta Türkiyənin bəzi ərazilərinə belə müəyyən texnikalar daxil olub. Bu texnikadır və müəyyən qüsurları da ola bilər. Əgər rəsmi şəkildə İran hökuməti bunu inkar edirsə, bunu zorla düşünülmüş addım və ya qəsd kimi dəyərləndirmək olmaz".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, Azərbaycanın qonşuluğunda ciddi müharibə gedir və orada müəyyən radikal qüvvələr var ki, bu müharibəni bütün bölgəyə yaymağa cəhd edirlər: "İranın ilkin məqsədi müharibəni qrup halında genişləndirərək öz ətrafında dəstəkçilərini saxlamaq ola bilər. Burada Rusiyanın İranı istiqamətləndirməsi və Cənubi Qafqaza qayıtması üçün müxtəlif bəyanatlar verməsi ehtimalını da nəzərdən qaçırmaq olmaz. Hər bir halda Azərbaycan ordusu aktiv vəziyyətə gətirilməlidir. Çünki qonşuluqda çox ciddi müharibə gedir və bu müharibənin necə inkişaf edəcəyi, necə bitəcəyi ilə bağlı proqnoz vermək mümkün deyil. Hazırkı vəziyyətdə, təəssüf ki, eskalasiyanın aradan qaldırılması üçün ciddi cəhdlər müşahidə olunmur. Bir neçə gün əvvəl Türkiyə ərazisinə də raket atılmışdı, lakin o zərərsizləşdirilmişdi.  ABŞ-ın Türkiyədə hərbi bazasının olması məlumdur. Lakin Azərbaycanda, xüsusilə Naxçıvanda hər hansı xarici qüvvəyə məxsus obyekt yoxdur. Bu səbəbdən Naxçıvana edilən hücum başa düşülməz görünür".

Cəlaloğlunun sözlərinə görə, İranda bəzi qüvvələr İran–Azərbaycan münasibətlərini daha da gərginləşdirməyə çalışırlar ki, Cənubi Azərbaycan məsələsi arxa plana keçsin: "Azərbaycan bu məsələdə rasional mövqe tutur. Xameneinin ölümü ilə bağlı dövlət səviyyəsində bəyanat verilib. Prezident onun xatirəsini yad etmək üçün səfirlikdə olub, Azərbaycan bu müharibəni pisləyib və tərəflərə sülh təkliflərini də təqdim edib. İranın Azərbaycanı nədəsə günahlandırmağa heç bir əsası yoxdur".

Müharibə şəraitində İran daxilində də çəkişmələr davam edir, rəhbərliyin böyük hissəsi həlak olub və qalan qüvvələr arasında fikir ayrılıqları, koordinasiya problemləri yaşana bilər. Azərbaycan tərəfi təmkinli davranmalıdır. Bir dron hadisəsinə görə nə xalq panikaya düşməli, nə də dövlət dərhal ciddi qərar qəbul etməlidir. Sadəcə olaraq, ordu hazır vəziyyətə gətirilməli, təhlükəsizlik tədbirləri görülməlidir. Lakin cavab reaksiyası diplomatik nota səviyyəsindən kənara çıxmamalıdır".

ADP sədri bildirib ki, hadisədə təxribat variantı da istisna edilmir: "Hər hansı üçüncü tərəf bu əməli törədərək İran–Azərbaycan arasında qarşıdurma yaratmağa çalışa bilər. Bu tərəf istər Moskva, istərsə də İsrail ola bilər. Məsələ olduqca həssasdır və indiki halda Azərbaycan mümkün qədər dünyada gedən proseslərdən kənarda qalmalıdır". 

Tehran,

Sitat.info 



Xəbər xətti