İranın yeni ali dini liderinin Azərbaycana münasibəti necə olacaq? - TƏHLİL

13:45 9 Mart 2026

"Əvvəldən də bu barədə proqnozum var idi ki, Müctəba Xameneni yeni ali dini lider seçiləcək. Bunu onunla əsaslandırmışdım ki, Müctəba Xamenei SEPAH-a daha yaxındır. SEPAH daxilində öz sərtliyi ilə seçilir və ciddi nüfuza malikdir. Həm də növbəti seçimdə maraqları daha lazımi səviyyədə təmin edən  edə biləcək bir şəxs kimi də Müctəba Xameneiyə üstülük verilməli idi. Həm SEPAH-dakı gücü baxımından, eyni zamanda atasının qisasını sona qədər almaq məqsədi baxımından SEPAH-a daha əlverişli namizəd idi"

Bu sözləri  Sitat.info-ya açıqlamasında millət vəkili Arzuxan ƏIizadə deyib.

O bildirib ki, Müctəba Xamenei Azərbaycanla bağlı məsələdə SEPAH-la eyni fikirdədir: "Onun Azərbaycana münasibətinə gəlincə, SEPAH-ın Azərbaycana münasibəti bəllidir. Əvvəldən də Azərbaycana heç də xoş olmayan mövqe sərgiləyib. Hesab edirəm ki, bu mövqe davam edəcək.  Təbii ki, İranın dövlət siyasəti var. Prezident Pezeşkian müəyyən qədər  dövlət siyasətini ifadə edir. Təəssüflər olsun ki, Pezeşkian prezident olaraq tam səlahiyyətlərə malik deyil. Bir çox hallarda SEPAH-ın sərgilədiyi fərqli  mövqeyi dəstəkləmək məcburiyyətindədir. Biz bunu Naxçıvana edilən hücum zamanı da gördük. İlk dəqiqələrdən Azərbaycan Prezidentinə zəng etməli olan İran Prezidenti Rusiya Prezidentinə zəng etdi. Sonradan bir qarışıq fikir səsləndirdi. Daha sonra SEPAH-ın mövqeyini gördük, açıqlama verdilər ki, Pezeşkian səhv edib. Buna bir o qədər də fikir vermək lazım deyil. İstənlən halda qonşuluq münasibətini qoruyub-saxlamağa çalışacaqlar. Ancaq Azərbaycana dost münasibət sərgilənməyəcək. Bu birmənalıdır".

Məğrur Salmanov,

Sitat.info

 

 



Xəbər xətti