İran hökumətinin sözçüsü Fatimə Mühacirani ABŞ və İsrailin ölkənin yanacaq infrastrukturuna hücumlarını ekoloji cinayət adlandırıb.
Sitat.info-nun İRNA-ya istinadən verdiyi məlumata görə, o bildirib ki, neft və yanacaq obyektlərinə zərbələr ciddi ekoloji nəticələrə səbəb olub. Hücumlardan sonra bəzi obyektlərdə yanğınlar və tullantıların yanması qeydə alınıb ki, bu da xüsusilə Tehran və ətrafında hava çirkliliyini artırıb.
Mühacirani qeyd edib ki, bu cür hücumlar ictimai sağlamlıq üçün risk yaradır və uzunmüddətli ekoloji problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, Tehran bu zərbələri təkcə hərbi eskalasiya deyil, həm də mülki infrastruktura və ekoloji təhlükəsizliyə qarşı hücum kimi qiymətləndirir.
İran hakimiyyəti hadisənin nəticələrini sənədləşdirdiyini və ətraf mühitə dəyən ziyanla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracağını bildirib.
Nigar,
Sitat.info