"ABŞ-ın diqqətinin İranla müharibəyə yönəlməsi Ukraynaya hərbi yardımların gecikdirilməsinə səbəb olur. Bundan istifadə edən Rusiya Ukrayna cəbhəsində hərbi təzyiqləri artırmağa çalışır. Lakin Ukrayna artıq kifayət qədər möhkəm müdafiə mövqeləri formalaşdırıb və Rusiyanın quru qoşunları ilə ciddi irəliləyiş əldə etməsi real görünmür.
Əgər ABŞ İrana qarşı quru əməliyyatına başlasa, bu vəziyyət Çinin geosiyasi mövqeyinin daha da güclənməsinə səbəb ola bilər. Çünki belə bir əməliyyat ABŞ üçün uzunmüddətli və çətin müharibə deməkdir. Eyni zamanda Rusiyanın Ukraynada ilişib qalması qlobal güc balansında Çinin yüksəlişini daha da sürətləndirə bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında politloq Məhəmməd Əsədullazadə deyib.
M.Əsədullzadə bildirib ki, ABŞ-ın təkbaşına yeni qlobal siyasi nizam qurması real görünmür: "ABŞ-ın Rusiya–Ukrayna müharibəsində həlledici nəticə əldə etmədiyi bir mərhələdə İrana qarşı geniş hərbi əməliyyatlara başlaması Vaşinqtonun eyni vaxtda iki strateji cəbhədə ciddi çətinliklərlə üzləşməsi riskini artırır. ABŞ prezidenti Donald Trump isə birbaşa olaraq İsrailin təhlükəsizliyini və regiondakı geosiyasi mövqelərini möhkəmləndirmək məqsədilə İrana qarşı hərbi addımları sürətləndirdi. Halbuki Rusiya-Ukraynaya müharibəsi davam etdiyi şəraitdə bu qərar riskli görünür".
ABŞ həmçinin enerji və ticarət marşrutlarının təhlükəsizliyini qorumaq üçün Hörmüz boğazının açıq saxlanması məqsədilə NATO ölkələrini dəstəyə çağırır. Digər tərəfdən Vaşinqton Rusiyanın tərəfdaşları sayılan Venezuela, Kuba və İran üzərinə siyasi və iqtisadi təzyiqi artırmaqla Moskvanın qlobal dayaqlarını zəiflətməyə çalışır. Paralel olaraq ABŞ iqtisadi və texnoloji rəqabət vasitəsilə Çinin gücünü balanslaşdırmağa çalışır.
Bununla belə, ABŞ-ın təkbaşına yeni qlobal siyasi nizam qurması real görünmür. Bu prosesdə həm Avropa İttifaqı, həm də NATO kimi müttəfiq strukturların rolu həlledici olaraq qalır".
Nigar