İqtisadçı Günay Ağamalını tənqid atəşinə tutdu

12:17 26 May 2026

"Uşaqpulu insanları tənbəlləşdirir" fikri həm reallıqdan uzaq, həm də çox məsuliyyətsizcə deyilmiş bir sözdür. İnsanın işləyib-işləməməsinə təsir edən əsas amillər iş bazarının imkanlarıdır, maaş səviyyəsi, iqtisadi perspektivlərdir, uşaqpulu deyil. Uşaqpulu ailənin sadəcə minimum yükünü yüngülləşdirə bilər. Xüsusilə, şəhərlərdə bir uşağın belə böyüdülməsi böyük maliyyə məsuliyyəti hesab olunur".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Vüsalə Əhmədova deputat Günay Ağamalının məlum açıqlamasına fikir bildirərkən deyib. 

O bildirib ki, inkişaf etmiş ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi əhalinin maddi vəziyyəti ilə deyil, inkişaf sürəti ilə bağlı olur: "İnkişaf etmiş ölkələrdə doğumun azalması daha çox həyat tərzi, karyera və gec evliliklərə bağlıdırsa, Azərbaycanda tam əksinə iqtisadi qeyri-müəyyənliklər daha böyük rol oynayır. Qısası, varlı cəmiyyətlərdə doğuma istək azdır, kasıb cəmiyyətlərdə isə imkan çatmır. Yaşayış xərclərinin sürətli artması, kirayə və mənzil problemi, işsizlik, uşağın təhsil və səhiyyə xərclərinin ailə büdcəsinə ciddi yük olması və s. səbəblər uşaqpuluna ehtiyac olduğunu göstərir.

Belə bir vəziyyətdə veriləcək cüzi uşaqpulunun insanı "tənbəl" etməsi iddiası isə qeyri-ciddidir. Bir uşağın aylıq xərci ilə müqayisədə nəzərdə tutulan sosial yardım adətən çox kiçik olur. Kim 100-200 manat üçün işləməkdən imtina edər? Halbuki aşağı gəlirli vətəndaşlar ən ağır şərtlərdə, ən çox işləyən təbəqədir. Azərbaycanda minlərlə insan gündəlik fəhləlik etmək, iki işdə birdən çalışmaq, iş üçün xaricə miqrasiya etmək, qeyri-rəsmi sektorda işləmək məcburiyyətində qalır ki, ailəsini dolandıra bilsin. Ümumiyyətlə bu tip məsuliyyətsiz çıxışların başqa bir səbəbi də, müəyyən dairələrə yaxşı görünmək istəyidir". 

V.Əhmədova qeyd etdi ki, artıq demoqrafik vəziyyətlə bağlı narahatlığa ciddi əsas var: "Digər tərəfdən sual yaranır, Azərbaycandakı mövcud demoqrafik vəziyyət hökuməti nə dərəcədə narahat edir və ya narahat edirmi? Əgər narahat etmirsə də, məncə artıq narahatlıq üçün əsas var. 2011-ci ildə Azərbaycanda 176 min doğum qeydə alınmışdısa, 2024-cü ildə bu rəqəm təxminən 102 minə düşüb. Yəni, 13 ildə təxminən 74 min azalma baş verib. Bu, təxminən 42%-lik azalma deməkdir. 2026-cı ilin əvvəlində isə təbii artım əvvəlki illə müqayisədə təxminən 48.5% azalıb. Bu artıq demoqrafik siqnal səviyyəsinə yaxın göstəricidir. Bu tendensiya uzunmüddətli perspektivdə əmək bazarı, pensiya sistemi və hərbi resurs baxımından ciddi riskdir. Zamanla əhali strukturunda yaşlıların payı artacaq. Beləcə, gələcəkdə əmək bazarına daxil olanlar da azalmış olacaq. Nəticədə, dövlət bir işləyənə daha çox pensiyaçı saxlamalı olacaq. Belə olan halda, pensiya fondları çətinlik çəkəcək, vergi yükü və büdcə kəsiri riski artacaq. Bu isə, potensial ÜDM artımının və iqtisadi dinamikanın zəifləməsi deməkdir. Dünyanın inkişaf etmiş ölkələrinin çoxunda ailələrə uşaqpulu, vergi güzəşti, pulsuz bağça və ya təhsil imkanları, sosial mənzil proqramları və s. formalarda dəstək verilir. Ölkəmizdə uşaqpulunun hansı istiqamətdə verilə biləcəyi ilə bağlı isə dəfələrlə təkliflərimiz olub".

Aytac,

Sitat.info 



Xəbər xətti