"Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki qardaş ölkənin münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. 2024-cü il avqustun 23-də imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə arasında siyasi etimadı və strateji tərəfdaşlığı hüquqi müstəvidə möhkəmləndirmişdisə, bugünkü sənəd həmin münasibətlərin uzunmüddətli və nəsilləri əhatə edən xarakterini təsdiqləyir. Burada söhbət sadəcə müttəfiqliyin daha yüksək pilləsindən deyil, iki dövlətin qarşılıqlı etimadını və qardaşlığını gələcək nəsillər üçün davamlı siyasi prinsipə çevirməkdən gedir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, bu müqavilə Azərbaycanın siyasi və diplomatik imkanlarını da genişləndirir: " Azərbaycan və Özbəkistan bundan sonra beynəlxalq və regional məsələlərdə qarşılıqlı dəstəyi daha da gücləndirə, Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində daha fəal mövqe nümayiş etdirə bilərlər. Eyni zamanda, sənəd hərbi-siyasi təhlükəsizlik baxımından qarşılıqlı etimadın dərinləşdirilməsinə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına, iqtisadi baxımdan isə ticarət, investisiya, nəqliyyat-logistika, enerji və digər istiqamətlərdə birgə layihələrin genişlənməsinə ciddi zəmin yaradır".
A.Əlizadə vurğulayıb ki, Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiyanın ən mühüm tərəfdaşlarından biridir: " Özbəkistanın, Azərbaycanın isə Cənubi Qafqazın və Xəzər regionunun imkanlarını birləşdirən əməkdaşlıq modeli Orta Dəhlizin inkişafı, Şərq-Qərb nəqliyyat bağlantılarının gücləndirilməsi və Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mən hesab edirəm ki, “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan-Özbəkistan münasibətlərini yalnız bugünün deyil, gələcəyin də strateji tərəfdaşlığına çevirən mühüm tarixi sənəddir".
Məğrur,
Sitat.info