CENTCOM SEPAH-a məxsus 2 kateri məhv etdi

CENTCOM SEPAH-a məxsus 2 kateri məhv etdi
Dünya 15 Sentyabr 2026 19:11

ABŞ hərbçiləri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz dəniz aparatını ələ keçirməyə cəhd edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki katerini raket zərbəsi ilə məhv edib.

Sitat.info “Axios” nəşrinə istinadla xəbər verir ki, bu barədə informasiyanı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi kapitan Tim Hokins təsdiqləyib.

Hokinsin sözlərinə görə, İranın kiçik gəmiləri son vaxtlar ABŞ dronunu ələ keçirməyə cəhd etsə də, CENTCOM qüvvələrinin qətiyyətli cavab zərbəsindən sonra bu niyyət baş tutmayıb. Aparat tam olaraq komandanlığın nəzarətində qalıb.

İnsidentlə bağlı İran mediası isə fərqli iddia irəli sürərək, vurulan gəmilərin balıqçı qayıqları olduğunu və bir neçə balıqçının itkin düşdüyünü bildirib.

Baş verən gərginlikdən sonra ABŞ rəsmisi Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artıq təkcə son həftələrdə olduğu kimi gecə saatlarında deyil, gündüz vaxtlarında da tankerləri Hörmüz boğazından müşayiət etməyə başladığını diqqətə çatdırıb.