“Əshabi-Kəhf podium deyil” – Blogerin paylaşımı Naxçıvan sakinlərini qəzəbləndirdi

“Əshabi-Kəhf podium deyil” – Blogerin paylaşımı Naxçıvan sakinlərini qəzəbləndirdi
Gündəm 17 Sentyabr 2026 12:43
Tanınmış bloger Həmidə Səlimovanın Naxçıvandakı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində çəkdirdiyi görüntülər sakinlərin sərt etirazına səbəb olub.

 Sitat.info ANZ.AZ-a istinadən xəbər verir ki, bloqerin “Vətənimin hər qarışı gözəldir” qeydi ilə paylaşdığı videoda geyimi və kamera qarşısında verdiyi pozlar birmənalı qarşılanmayıb.

Paylaşımın şərh bölməsində çoxsaylı Naxçıvan sakinləri Əshabi-Kəhfin sadəcə turistik məkan deyil, müqəddəs ziyarətgah olduğunu xatırladıblar. Onlar belə bir məkanda geyimə və davranışa daha həssas yanaşılmalı olduğunu bildiriblər.

Sakinlərdən biri etirazını belə ifadə edib:

“Əshabi-Kəhf kimi müqəddəs və tarixi bir məkana açıq-saçıq geyimdə gedib bunu çəkilişə və "tanıtım" videosuna çevirmək mənim üçün qəbuledilməzdir. Naxçıvanın gözəlliklərini tanıtmaq, əlbəttə, yaxşıdır, amma belə müqəddəs məkanların özünəməxsus hörməti və ab-havası var”.

Şərhdə həmçinin blogerdən videonu silməsi və ziyarətgaha qarşı hörmətsizliyə görə üzr istəməsi tələb olunub:

“Naxçıvanı tanıtmaq istəyiriksə, onun tarixini, mədəniyyətini və dəyərlərini layiqincə göstərmək lazımdır. Bu, artıq mənim torpağımın və dəyərlərimin məsələsidir. Doğma torpağıma hörmətsizlik gördüyüm yerdə susa bilmərəm”.

Eyni məzmunda çoxsaylı rəylər yazan sakinlər Əshabi-Kəhfin fotosessiya meydançasına çevrilməsinin yolverilməz olduğunu vurğulayıblar. Onların fikrincə, geniş auditoriyaya malik şəxslər dini və tarixi məkanlarda paylaşım edərkən həmin ünvanın mənəvi dəyərini nəzərə almalıdırlar.

Qeyd edək ki, Əshabi-Kəhf Naxçıvanın ən qədim və müqəddəs ziyarətgahlarından biridir.