Emoməli Rəhmon ixrac layihələrinin aktivləşdirilməsinin zəruriliyini vurğuladı
Sitat.info"Report”a istinadən xəbər verir ki, bu sözləri Tacikistan Prezidenti Emoməli Rəhmon Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Onun sözlərinə görə, region ölkələri əhəmiyyətli resurs potensialına malikdir ki, bu da birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır: “Bu, birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii sərvətlərin emalı üçün geniş imkanlar açır”.
Prezident rəqəmsal və “yaşıl” texnologiyaların daha fəal tətbiqinin, innovasiyaların stimullaşdırılmasının və süni intellektdən istifadənin vacibliyini qeyd edib.
Tacikistan lideri, həmçinin ticarət və xidmətlər sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin, o cümlədən kiçik və orta biznesin iştirakı ilə istehsal və ixrac layihələrinin aktivləşdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, regional tədarük zəncirlərinin dayanıqlığına və məhsulların xarici bazarların ekoloji və texniki tələblərinə uyğunlaşdırılması üzrə təcrübə mübadiləsinə xüsusi diqqət yetirilməlidir.
E.Rəhmon həmçinin aqrar sektorda əməkdaşlığın vacibliyini qeyd edərək, mövsümi dövrdə kənd təsərrüfatı məhsullarının istehsalının zəruri resurslarla təmin edilməsi məsələlərinin həlli zərurətini vurğulayıb: “Bu, aqrar istehsalın dayanıqlığı və ölkələrimizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün birbaşa əhəmiyyət kəsb edir”.Energetikadan danışarkən E.Rəhmon əməkdaşlığın genişləndirilməsinin tərəfdarı kimi çıxış edib və energetika üzrə prioritet layihələrin siyahısının formalaşdırılması və onların birgə maliyyələşdirilməsi mexanizmlərinin müəyyən edilməsi imkanını nəzərdən keçirməyi təklif edib: “Bu baxımdan, bütün regionun ehtiyaclarının ödənilməsi nəzərə alınmaqla, ən yeni texnologiyalar əsasında iri neft emalı zavodunun tikintisi layihələrinin hazırlanması və həyata keçirilməsi məsələsinin işlənilməsinin aktuallığını bir daha vurğulamaq istərdim”.