Paşinyan Azərbaycanla əməkdaşlıqdan danışdı: “Böyük potensial var”
Ermənistan Azərbaycanla ekologiya sahəsində əməkdaşlıq üçün böyük imkanlar və potensial görür. Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, sülh sazişinin imzalanmasından sonra bu istiqamətdə qarşılıqlı fəaliyyətə əlavə təkan verilə bilər.
Sitat.info xəbər verir ki, Paşinyan bu fikirləri oktyabrın 16-da İrəvanda COP-17 sammiti çərçivəsində keçirilən müzakirələr zamanı səsləndirib.
Ermənistan hökumətinin başçısı bildirib ki, çaylar da daxil olmaqla təbii ehtiyatlar, ətraf mühitin və biomüxtəlifliyin qorunması region ölkələrini birləşdirən məsələlərdir.
“Ətraf mühit və biomüxtəliflik ölkələri birləşdirir, ortaq maraqlar üçün zəmin yaradır. Bu sahədə əməkdaşlıq üçün böyük imkanlar və potensial var”, – Paşinyan vurğulayıb.
O, yaxın vaxtlarda tərəflərin bu məsələlərə daha çox diqqət yetirəcəyinə əminliyini ifadə edib.
Paşinyan Türkiyə ilə əməkdaşlıqdan da danışıb.
O, İrəvan və Ankara arasında diplomatik əlaqələrin olmamasına baxmayaraq, bu istiqamətdə tarixi dəyişikliklərin baş verəcəyinə ümid etdiyini bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Türkiyə arasında transsərhəd əməkdaşlıq, o cümlədən su ehtiyatlarının idarə olunması sahəsində imkanlar mövcuddur.
O xatırladıb ki, iki ölkənin sərhədində hələ sovet dövründə tikilmiş su anbarı yerləşir və tərəflərin bu sahədə artıq qarşılıqlı fəaliyyət təcrübəsi var.
Qeyd edək ki, oktyabrın 16-da İrəvanda COP-17 çərçivəsində sammit keçirilib. BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP-17) isə 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək. Hazırlıq tədbirləri və “Yaşıl zona”nın fəaliyyəti oktyabrın 18-də başlayacaq.