Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü
SİYASƏT 16 Oktyabr 2026 14:24

Oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Sitat.info xəbər verir ki, görüşdə Bakıda oktyabrın 15-də keçirilən AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə təşkilata sədrliyi çərçivəsində görülən işlər, qarşıdakı dövr üçün prioritetlər və qurumun institusional inkişafı müzakirə olunub.

Tərəflər Azərbaycanın sədrliyi altında VII Sammitin uğurla keçirilməsinin Asiyada dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Sammitin yekun sənədləri üzrə əldə olunan razılaşmaların təşkilatın fəaliyyətinin gücləndirilməsinə və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində təcrübəsi və beynəlxalq təşkilatlarda uğurlu sədrliyi qeyd edilib. Həmçinin AQEM çərçivəsində təhsil, qadınların imkanlarının genişləndirilməsi, gənclər, media və nəqliyyat bağlantıları daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişafına toxunulub.

Bildirilib ki, Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və üzv dövlətlər üçün praktiki faydasının genişləndirilməsi istiqamətində bir sıra təşəbbüslər həyata keçirilib.

Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, son altı ildə Baş katib kimi fəaliyyəti müddətində göstərilən dəstəyə görə də ölkəmizə təşəkkür edib.

Baş katib Azərbaycanın sədrliyinin təşkilatın inkişafı və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, səylərin qarşıdakı dövrdə də davam etdiriləcəyinə əminliyini ifadə edib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ceyhun Bayramov isə Kayrat Sarıbaya fəaliyyəti müddətində gördüyü işlərə görə təşəkkür edib, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.