İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bir masa arxasında – Hədəf nədir?

İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bir masa arxasında – Hədəf nədir?
Gündəm 26 Oktyabr 2026 14:04

İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələrinin Tehranda keçirdiyi görüşdə regional təhlükəsizlik və Yaxın Şərqdə gərginliyin azaldılması məsələləri müzakirə olunur.

Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai görüşün məqsədinin regionda təhlükəsizliyin təmin edilməsi üçün mexanizmin yaradılması istiqamətində danışıqlara başlamaq olduğunu bildirib.

Bəqai bu yanaşmanı region ölkələrinin özlərinin formalaşdırdığı “endogen təhlükəsizlik” modeli adlandırıb. İran bu ideyanı ABŞ və İsrail ilə müharibənin başlanmasından bəri müdafiə edir.

Görüşdə Səudiyyə Ərəbistanının müdafiə nazirinin iştirak etməsi xüsusi diqqət çəkir. Tehran əvvəllər Ər-Riyadı ABŞ qüvvələrinə dəstək verməkdə ittiham edib. Səudiyyə Ərəbistanı isə İranı husilərə yardım göstərməkdə günahlandırıb.

Təmaslar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin yumşalması baxımından əhəmiyyətli hesab olunur. Görüşün regionda gərginliyin azaldılmasına və yeni hərbi qarşıdurmanın qarşısının alınmasına zəmin yaradacağına ümid edilir.

Bununla belə, danışıqların konkret nəticələri və tərəflərin hansı razılaşmalara gələ biləcəyi hələ məlum deyil.

Aytac,

Sitat.info