Dəmir yolları ilə bağlı Ermənistan-Rusiya birgə işçi qrupunun ikinci iclası keçirildi
Ermənistan dəmir yolları ilə bağlı Ermənistan-Rusiya birgə işçi qrupunun məhdud tərkibdə ikinci iclası keçirilib.
Sitat.info xəbər verir ki, Ermənistan tərəfindən işçi qrupuna ərazi idarəetmə və infrastruktur nazirinin müavini Davit İvanyan, Rusiya tərəfindən isə “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin baş direktoru Aleksey Melnikov rəhbərlik edib.
İlk iclasda tərəflər konsessiya idarəçiliyinin səmərəliliyini, dəmir yolu şəbəkəsinin inkişaf perspektivlərini, eləcə də Yerasx-Naxçıvan və Gümrü-Türkiyə dəmir yolu xətlərinin bərpası məsələlərini müzakirə etmişdilər.
Ermənistan mətbuatının yazdığına görə, Rusiya nümayəndə heyətinin tərkibinin azaldılması Baş naziri Nikol Paşinyanın Moskvaya qarşıdakı səfəri ilə əlaqədardır: “Görünür, Moskva Ermənistan Baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək danışıqların nəticələrini gözləyir. Liderlərin görüşündə “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyası məsələsinin də müzakirə olunacağı istisna edilmir”.
“Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin (“Rusiya Dəmir Yolları” ASC-nin törəmə şirkəti) konsessiya idarəçiliyində olan Ermənistan dəmir yolunun fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək məqsədilə yaradılmış Ermənistan-Rusiya işçi qrupunun ilk iclası noyabrın 17-də İrəvanda keçirilib.
Həmin görüş üçün İrəvana “Cənubi Qafqaz Dəmir Yolu”nun Direktorlar Şurasının sədri, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Vyaçeslav Pavlovski və Rusiya nəqliyyat nazirinin müavini Aleksey Şilo gəlmişdi. Ermənistan tərəfinə Davit İvanyan rəhbərlik etmişdi.
Nikol Paşinyan bundan əvvəl İrəvanın Ermənistan dəmir yolunun rəqabət qabiliyyətini təmin etmək üçün “Rusiya Dəmir Yolları”ndan investisiyalar gözlədiyini bildirmişdi. O, bu məsələnin Rusiyaya səfəri zamanı Vladimir Putinlə də müzakirə edilə biləcəyini istisna etməmişdi.
Ermənistan Baş naziri dekabrda Rusiyaya üç dəfə - ayın 3-də, 11-də və 22-də səfər edəcək.