"1 ildən çoxdur ki, Ukrayna ərazisində müharibə gedir. Rusiya elə bilirdi ki, müharibə hər zaman Ukrayna ərazisində gedəcək. Texnologiyanın bu qədər inkişaf etdiyi indiki dövrdə PUA-larla istənilən hədəfi vurmaq olar. Ukrayna hələ bir çox silahlardan istifadə etmir. Bu Rusiyaya qarşı əks hücum deyil, Ukrayna hərbi kəşfiyyatının əməliyyatlarından biridir.
Rusiyada artıq Ukraynaya lağ edirlər ki, bəs harda qaldı əks-hücum? Bu da əks-hücumun bir növüdür".
Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
O bildirib ki, artıq savaş Rusiya ərazisinə keçib və bunun fəsadları böyük olacaq: "Rusiyada elə düşünürdülər ki, onlara qarşı atılacaq addımlar ancaq sanksiyalardan ibarət olacaq və onlar da qadağalara dözəcəklər. Ancaq təsəvvür etmirdilər ki, bir gün PUA-lardan biri Kremlin başına düşəcək, eyni zamanda mülki əhalinin yaşadığı yerlərə düşəcək. Bu Rusiyaya ən böyük zərbədir. Bunun rus cəmiyyətində fəsadları çox olacaq. Putin maksimum səfərbərlik etməməyə çalışırdı. Çünki bu zaman Moskvadan, Sank-Peterburqdan müharibəyə gedənlər və ölənlər olacaq. Bu iki böyük şəhərə cənazələrin gəlməsi narazılıq yaradacaq. Ona görə də, əyalətlərdən, başqa millətlərin nümayəndələrindən əsgər cəlb etməyə çalışırdılar. Ancaq artıq əhali görür ki, Moskvanın mərkəzi vurulur, sabah Sank-Peterburq da vurula bilər. Bu aylarda adətən Moskvaya turist axını olardı. Ancaq PUA hücumlarından sonra kim oraya gedər? Moskvaya hərtərəfıli böyük zərbələr dəydi. Dövlət olaraq təcrid olundular. Artıq millət olaraq da təcrid vəziyyətindədirlər. Avropada artıq ruslar "mən rusam" deyə bilmirlər".
İ.İsmayıl hesab edir ki, rus xalqı da Putin kimi imperialist təfəkkürə malikdir: "Putin Moskvaya hücumdan sonra da sülhə addım atmayacaq, əksinə daha qızışdırıcı addımlar atacaq. Rusiya cəmiyyəti də eyni reaksiyanı verir. Onlar Putini dəstəkləyirlər. Rusiyanın imperiya ambisiyaları onun sıravi kəndilisindən Putinə qədər hər kəsdə var. Rusiya ziyalılarından belə ciddi etirazlar gözə çarpmır".
Məğrur,
Sitat.info