"İlk dəfə deyil ki, görüşlər öncəsi Ermənistanın sərhəddə və ya rusların müvəqqəti nəzarətində olan ərazilərdə təxribatları ilə qarşılaşırıq".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, təxribatlar birmənalı olaraq Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində gedən danışıqların formatını sərhəddə baş verən gərginliyə yönəltmək məqsədi daşıyır: "Son nəticədə bu gərginliklərin genişlənməsi danışıqlar prosesini təxirə sala bilər. Belə bir təcrübə keçən ilin sentyabrından məlumdur. Ermənistan sentyabr təxribatları ilə danışıqlar prosesinin ümumiyyətlə altı ay ertələnməsinə nail oldu".
Ekspert qeyd edib ki, bu dəfə Azərbaycan tərəfi danışıqlar prosesinin davam etməsi üçün əlindən gələni edir: "Ancaq paralel olaraq bitməyən Ermənistan təxribatlarına da adekvat cavab verilir. Əgər Ermənistan tərəfinin təxribatları dayansa o zaman onlar həm sərhəddə, həm də rusların nəzarətində olan ərazilərdə "dəmir yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaq. Bu zərbənin yaxın müddətdə baş verməsi ehtimalı böyükdür".
Seymur Bənnayev
Sitat.info