Paşinyan Rusiya ilə körpüləri yandırır: Onu kim qoruyacaq?

13:35 25 Oktyabr 2023

Xəbər verdiyimiz kimi, Ermənistan XİN Rusiyanın ölkədəki səfirini çağıraraq, ona “Birinci kanal”da gedən verilişə görə etiraz edib və nota təqdim edib.  Ermənistan XİN-in nota təqdimatına səbəb “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı verilişdir. “Birinci kanal”da yayılan və Yutub kanalına yerləşdirilən verilişdə əvvəlcə Paşinyanın siyasi karyerasına “işıq” tutulur. Hətta Paşinyanın demədiyi sözlərdən (Məsələn, Qarabağla bağlı) “sitat” da gətirilir.

Paşinyanın sərt tənqid edən verilişin hazırlanmasının səbəbi həm də onun Brüsseldə, PA-da çıxışı, ayaqüstü alqışlanması və orada qərbmeyilli, Rusiyaya qarşı kursu elan etməsidir və bunu verilişin müəllifləri gizlətməyiblər.

Məsələ ilə bağlı Sitat.info-ya danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Sergey Kopırkini çağırmaqla Paşinyan əslində  Kremlə mesaj verir. Yəni ki, yığışdırın bu siyasi ekspertləri, aşağılayıcı fikirləri. Amma mən hesab edirəm ki, bu nota heç nəyi dəyişməyəcək, əksinə Kremli daha da qəzəbləndirəcək. Paşinyanın Fransada hərbi anlaşma imzalanması da Rusiyanı daha çox narazı salacaq ki, İrəvan rus silahlarından imtina edir, gedib Fransadan silah alır.  Rusiyadan havayı  alırdı, amma Fransadan pulla alacaq. Düzdür, indi Paşinyanın arqumenti də budur ki, Rusiya artıq bizə Ermənistana silah satmır. Çünki başı Ukraynadakı müharibəyə qarışıb, pul vermişik, pulumuzu qaytarmır.

Politoloqun fikrincə, Paşinyan Moskvaya belə bir mesaj verir ki, sən mənə silahımı verməyəndən sonra mən məcburam bunu Çindən, Hindistandan ,  Fransadan alım: " Amma Fransa pulsuz silah vermir, o silahları pulla satır. Ən maraqlısı da odur ki, Fransa silahları rus silahlarına necə inteqrasiya olunacaq? Ermənistan silahlarının mütləq əksəriyyəti Rusiya silahlarıdır. Hava hücumundan qorunma sistemləri də  NATO standartlarına uyğundur. Fransa silahları məsələsi necə həll olunacaq? Paşinyan üçün çox böyük bir  problem deməkdir.  Fransa ilə  hərbi əməkdaşlıq sazişi daha çox Rusiyanı qıcıqlandıracaq. Ona görə də indi Rusiya səfirinə nota versələr də,  Rusiya televiziya kanallarında   böyük ehtimalla Paşinyanı aşağılamaqda davam edəcəklər".

E.Şahinoğlu vurğuladı ki, Paşinyanın son addımları Rusiyanın Ermənistandan sıxışdırılmasına hesablanıb: "Fransa ilə hərbi anlaşma,  Strasburqda Avropa Parlamentində çıxışı zamanı Rusiyanın adını çəkmədən Rusiyaya işarə etməsi ki, onu devirmək istəyirdilər. Rusiyaya qarşı Avropadan təhlükəsizlik təminatı istəməsi, avropalı müşahidəçiləri Azərbaycan- Ermənistan sərhədində yerləşdirilməsi və sair...  Yeri gəlmişkən, Rusiyanın iddiası belədir ki,o müşahidəçilər sərhəddi deyil, Rusiyanın Ermənistandakı hərbi bazasını müşahidə edir və oradan kəşfiyyat məlumatları toplayırlar. İddia bundan ibarətdir, bu da qıcıqlandırır. Paşinyanın bütün addımları Rusiyanı qıcıqlandırır".

Politoloq hesab edir ki, bundan sonra Paşinyana çox çətin olacaq: "Çünki Ermənistan Rusiyanın, Cənubi Qafqazdakı son forpostudur. İki forpostu vardı, birini artıq itirdi. Rusiyanın iki forpostundan biri Dağlıq Qarabağ separatçıları idi.   Rusiya ən sadiq müttəfiqini itirdi. Qarabağ separatçıları məsələsinə biz son qoyduq. Faktiki Rusiya Cənubi Qafqazdan çıxmalı olacaq, amma Paşinyan bunu necə edəcək? Bu çox ciddi sualdır. Misal üçün, Ermənistan Fransa ilə yaxınlaşır, silah- sursat alır. Bu Kremli, qıcıqlandırır. Rusiya sabah  Ermənistana verdiyi ucuz qazı bahalaşdırsa və yaxud tamam kəssə, Ermənistan nə edəcək? Fransa Ermənistana qazmı verəcək?  Boru xətti də yoxdur. Bir müddət öncə Rusiya İrəvanı cəzalandırdı, Yuxarı Lars Sərhəd məntəqəsində Ermənistan konyaklarının Rusiya bazarına girişinə bir müddət qadağa qoydu və dedilər ticari məsələlərdir. Amma burada siyasi kontekst hiss olunurdu. Rusiya Gürcüstanla müharibə zamanı gürcü çaxırına qadağa qoymuşdu, bu dəfə də erməni konyakına qadağa qoydu. Bu konyak da ancaq Rusiya bazarında satıla bilər. Fransa , ABŞ bazarında bu satıla bilməz. Yəni Ermənistanın Rusiyadan çox böyük asılılığı var. Paşinyan Rusiyadan hərbi bazanı çıxarmaq istəyər. Amma iki dövlət arasında 2044-cü ilə qədər anlaşma var ki, hələ orada qalacaq. Bu məsələlərə görə asanlıqla qopmaq mümkün olmayacaq. Fransa uzaqdadır, Amerika uzaqdadır,  onlar gəlib Paşinyanı necə xilas edə bilər. Amma Paşinyan artıq həqiqətən körpüləri yandırıb. Onun Strasburqdakı çıxışı faktiki o deməkdir ki, mən Rusiyadan uzaqlaşıram, ey Avropa, məni qoruyun , Amma Avropa necə qorusun Ermənistanı və Paşinyanı. Avropa İttifaqının hərbi strukturu yoxdur. İkincisi də NATO-ya ümid edirsə, Ermənistanı heç zaman NATO- ya üzv eləməzlər, üzv eləsəydilər elə birinci Gürcüstan və Ukraynanı edərdilər, onlar daha yaxındır. NATO isə onları üzv eləmir. Bu halda Rusiyadan qopan Ermənistanı kim gəlib xilas edəcəkmi? Bu çox ciddi sualdır. Amma bütün hallarda Paşinyanın etdikləri Azərbaycanın da xeyrinədir. Ermənistan Rusiyadan asılılığını nə qədər çox azaltsa, bu Cənubi Qafqazın xeyrinədir ki, Rusiyanın bölgəyə təsir imkanları azalır".

Nərgiz,

Sitat.info 



Xəbər xətti