Rusiya sülhməramlılarının hələ də Qarabağda olmasının ƏSAS SƏBƏBİ: "Bizim maraqlarımıza xidmət edirlər"

14:32 25 Oktyabr 2023

"Rusiya hərbi kontingentinin böyük bir qismi bu gün Qarabağdan,  Azərbaycan ərazisindən çıxıb.  Zirehli texnika, ağır texnika faktiki olaraq dəmir yolu vasitəasilə çıxrılıb.  Amma Rusiya sülhməramlılarının müəyyən bir hissəsi Qarabağda qalır. Açıq deyim ki, bu gün Rusiya sülhməramlılarının Qarabağda qalması indiki keçici şəraitdə bizim üçün müsbətdir, belə ki, bizim maraqlarımıza xidmət edir. İndiki halda, yəni keçici bir vəziyyətdə".

Bu sözləri Sitat.info-ya açıqlamasında "Sülhməramlılar Qarabağdan nə  zaman çıxacaq" sualını cavablandıran təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

O fikirlərini belə izah edib: " Qərb bu saat nəyə çalışır? Bir tərəfdən Azərbaycanı aqressiv göstərmək, təcavüzkar Ermənistan əvəzinə bizi etnik təmizləmədə ittiham edirlər. Dünənlərdə Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısı vardı və bu toplantıda müzakirə olunacaq məsələlərdən biri Azərbaycan-Ermənistan münasibətlər, konkret olaraq Qarabağ ermənilərinin vəziyyəti idi, amma təxirə saldılar. Ön plana Ukrayna və yenə də Yaxın Şərq məsələləri düşdü. Ona görə noyabra saxladılar.

Ermənistanda belə hesab edirlər ki, bu saat Qarabağa beynəlxalq müşahidə missiyası daxil olmalıdır, onun sayının çox olması, üstəgəl hərbi elementlərlə də müşahidə olunması vacibdir.  Ondan sonra  Qarabağdan köç edən ermənilər rahat şəkildə geri qayıda bilər və Azərbaycan öhdəlik götürə bilər. Biz bu varianta gedən deyilik, bunu bilirlər. Çünki Azərbaycanın icazəsi olmadan oraya hansısa bir missiya gələ bilməz. İkincisi də qayıdan ermənilər hansısa bir status tələbi ilə    geri qayıda bilməzlər. Burada başqa bir qüvvənin olması, başqa bir missiyanın olması bizim xeyrimizə deyil. Rusiyanın bu saat orada qalması, çəkindirici bir faktordur. Həm də Qərbin Kosovo variantı kimi proseslərdən istifadə etməyinin qarşısını alırıq".

İ.İsmayıl vurğuladı ki,  Rusiyanın da perspektivdə planı Azərbaycan ərazisində qalmaq deyil: "Əksinə, Zəngəzur dəhlizində belə bir nəzarəti həyata keçirmək üçün oradakı sərhəd qoşunlarına əlavə olaraq bu qüvvələri nəzarətçi kimi yerləşdirməkdir. Hələ Rusiya ilə Ermənistan arasında bu barədə kifayət dərəcədə gərginlik var. Paşinyan birmənalı şəkildə bu məsələdən imtina edib. Rusiya sülhməramlılarının  hələ ilin sonuna qədər, müəyyən bir dövrdə bəzi məsələlər həll olunana qədər qalması məqsədəuyğundur. Qərbdən də hansısa təhdidlər, hədələr, təkliflər, hətta belə bir cəhdlər dayandıqdan sonra Rusiya sülhməramlıları onsuz da çıxıb getməlidirlər. Burada qalmaq indiki halda onların da marağında deyil. Amma  bu gün Qarabağda qalmaqla müəyyən dərəcədə bizim maraqlarımıza xidmət edirlər. Bəzi əlavə məsələlər, Qarabağda beynəlmilləşməsinin qarşısını almaq üçün... 

 Hazırda orada bizə maneə törədən heç nə yoxdur. Biz öz suverenliyimizi bir-birinin ardınca Xankəndi və digər ətraf bölgələrdə bərpa etdik.Sülhməramlılar Xankəndindən kənarda olan bütün məntəqələrdən,  Ağdərədən tutmuş Xocalıya qədər müşahidə məntəqələrini çıxarıblar. Faktiki olaraq Xankəndidə, bir  də Laçın yolunda müşahidə məntəqələri var və burada bizə heç bir maneə törətmirlər". 

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti