Azərbaycan və Ermənistanın birgə oyunu: Kənar gücləri neytrallaşdırmaq üçün...

09:43 27 Oktyabr 2023

"Azərbaycan ümumiyyətlə heç bir platformada iştirak etmək istəmir və Qarabağ, həmçinin Azərbaycan-Ermənistan münasibətlərini məhz ikitərəfli formatda həll etmək istəyir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

Ə.Oruclu bildirib ki, Qərb və Rusiya bu məsələ üzərindən regionda geosiyasi nüfuz uğrunda mübarizə aparır: "İlham Əliyev sonuncu səfəri zamanı  bəyan etdi ki, Gürcüstanda Paşinyanla görüşməyə hazırdır. Məsələ burasındadır ki, bu gün istər Qərbi, istər Rusiyanı narahat edən Azərbaycan- Ermənistan sülh danışıqları və yaxud iki ölkə arasında sülh müqaviləsinin əldə olunması deyil. Hər iki tərəfi narahat edən bu vəziyyətdən öz geosiyasi maraqları, öz çıxarları üçün istifadə etməkdir. Deməli, hətta Azərbaycan -Ermənistan danışıqları ikitərəfli formatda neytral bölgə olan Gürcüstanda, Tiflisdə keçiriləcəksə belə, buna artıq hər iki tərəfdən müxtəlif formalarda müqavimət olacaq. Hər iki tərəf dedikdə, mən Moskvanı və Brüsselin nəzərdə tuturam. Təbii ki, bunlar hamısı ehtimallardır. Ehtimallar da müəyyən faktlara əsaslanır. Əgər Brüsseldə Azərbaycanın ünvanına sanksiyalar səsləndirilirsə və bu sanksiyalara çağırış konkret olaraq Avropa Parlamentinin qətnaməsinə daxil edilirsə, Azərbaycanın ünvanına etnik təmizləmə ittihamı irəli sürülürsə, orda hətta bir sərsəm "soyqırım" ifadəsi işlədilirsə bu nədir? Təbii ki, bu təzyiqdir".

Politoloq vurğuladı ki, digər tərəfdən Moskvanın son günlər İrəvanla ritorikasını görürük: "Elə bir vəziyyət alınıb ki, sanki Ermənistan bir tərəfi sabotaj edir, Azərbaycan da digər tərəfi. Və hər iki tərəf əslində məsələni öz arasında çözməyə doğru aparır, prosesi bu istiqamətdə aparır. Bu, əlbəttə ki, yenə deyirəm, mənim bir optimist xəyalımdır, bəlkə belə deyil. Amma bəlkə də belədir, kim bilir? Nə qədər ki, kənar güclər Azərbaycan- Ermənistan münasibətlərinin həllinə müdaxilə edəcəklər, bu münasibətlər öz həllini tapmayacaq. Bizim münaqişəmiz, xüsusilə sonuncu Yaxın Şərqin gərginləşməsindən sonra bütün çılpaqlığı ilə üzə çıxdı ki, bu bir geosiyasi mübarizənin predmetidir, Azərbaycan da, Ermənistan da  heç bir halda bu mübarizənin nə meydançasına çevrilmək, nə də onun qurbanı olmaq istəməz".

Nərgiz,

Sitat.info



Xəbər xətti