"Ermənistanda dövlət çevrilişinin qarşısını alan yeganə faktor orda xalqın böyük əksəriyyətinin Paşinyanı dəstəkləməsidir, 60 faizdən çoxu hələ də Paşinyanı dəstəkləyir. Niyə? Çünki Rusiya və Rusiyanın dəstəklədiyi siyasətçilərə Köçəryana, Sarkisyana, Qarabağ klanına nifrət var. Ona görə Paşinyanı hakimiyyətdə saxlayırlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
O bildirib ki, hazırda Ermənistanda əlində silah olan narazı kütlə də mövcuddur: "Mümkündür ki, onların da bir çoxu Qarabağdan gedib. Biz silahlı ermənilərin silahını aldıq, buraxdıq və getdilər. Amma biz bilirik ki, orada 10 minə yaxın silahlı dəstə var idi. Bu dəqiqə mənə belə gəlir ki, Ermənistana keçən əhalinin ən azı 5-10 minin əlində yüngül silahlar, yəni avtomat filan var. Bunlar da şəhərdaxili çevriliş etməyə çatacaq qədərdir. Erməni xüsusi xidmət orqanları bundan məlumatlıdır. Nəzərə alsaq ki, onlar sərhəd buraxılış məntəqəsində bizdən sonra rusların nəzarətindən keçirdilər, o zaman əllərində kifayət qədər silah ola bilər. Hətta toplanan silahlar Ermənistanın içində paylanıla bilər.
Bu mənada Paşinyan öz hakimiyyətindən narahatdır, daha doğrusu Paşinyan Ermənistanın taleyindən narahatdır. Çünki Ermənistan artıq seçim qarşısındadır. Yeni geosiyasi qruplaşmada mövqeyini seçməlidir. Biz də seçirik, amma bizim dövlət taleyimiz bundan asılı deyil. Bizim dövlətçiliyimizin varlığı bundan asılı deyil. Amma Ermənistanın varlığı -yoxluğu bax bu seçimdən asılı olacaq. Avropanı, yoxsa Rusiyanı seçəcəklər?"
T.Abbaslı bildirdi ki, Paşinyan seçimini edib və Qərbi seçib: " Xalq da onu hakimiyyətsə saxlamaqla seçim etdiyini göstərmiş oldu. Ancaq Qarabağ klanına bağlı kütlə Rusiya tərəfdarıdır. Rusiya Paşinyana xəyanəti bağışlamayacaq. Ancaq Putin üçün qisas soyuq yeyilən bir yeməkdir. Putin istəyir ki, orada hakimiyyət dəyişikliyi etsin. Ermənistan dövləti qalsın, hakimiyyət dəyişikliyi olsun, Kremlə yaxın hakimiyyət olsun. Amma bu baş tutmasa, Ermənistan dövlətinin özünün varlığı artıq şübhə altına alacaq. Paşinyan bunu gözəl bilir. Rusiya Qafqazda Ermənistan dövlətini süni yaradılmış dövlət adlandırır. Bu dövlət Gürcüstan, Azərbaycan və Rusiya arasında bölünə bilər".
Partiya sədri hesab edir ki, bu səbəbdən Azərbaycan ictimaiyyəti tarixi torpaqlarına olan iddiaları saxlamalıdır: "Çünki Ermənistan torpaqlarının böyük bir hissəsi bizim tarixi ata-baba torpaqlarımızdır. Bir hissəsi də Gürcüstana, Rusiyaya keçəcək. Putin bir dəfə açıq şəkildə dedi ki, Ermənistanın üçtərəfli bəyannamədən çıxması onun dövlət kimi varlığını şübhə altına qoyar. Paşinyanın özünün dəfələrlə çıxışı olub ki, biz burada dövlətimizin varlığı uğrunda mübarizə aparırıb, artıq Qarabağdan keçib. Paşinyan açıq şəkildə deyib ki, məqsədi Qarabağı saxlamaq deyil, məqsəd Ermənistanı qorumaq, Zəngəzuru qoruçaqdır. Qeyd edib ki, ola bilər Azərbaycanın elə bir məqsədi olsun. Baxmayaraq ki, bəzi papadan çox katolik olan siyasətçilərimiz Zəngəzur məsələsini "başqa dövlətin ərazisinə hücum kimi" və yaxud da "avantüra" kimi qiymətləndirirlər. Avantüra sənin özünsən, Zəngəzura "avantüra" deyən insanın özü avantüradı, varlığı avantüradı. İnsanların atasının, babasının qəbri oradadır".
Məğrur Salmanov,
Sitat.info