"Cənubi Qafqazda sülhü istəməyənlər də var" - Siyasi şərhçi

21:45 15 Dekabr 2023

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn ümid edir ki, tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində sabit yol tuta bilmir: "Bu onu göstərir ki, həqiqətən də dövlətlərin daimi dostları yox, daimi maraqları var Vaşinqtonun da daimi marağı Cənubi Qafqazda öz təsir gücünü möhkəmləndirmək və rusiyanı bölgədən sıxışdırmaqdır. ABŞ üçün bunun hansı formada olması deyil, nə qədər nəticə alacağı əhəmiyyətlidir. Artıq ABŞ başa düşür ki, axının qarşısını ala bilmir. Axın da sülhə doğru gedir. Bütün bunlar ABŞ-ın iradəsindən kənar baş verir".

K.Novruzov bildirib ki, ABŞ sadəcə sülh müqaviləsində öz rolunu qablarda bilər və bunun üçün qulağa xoş bəyanatlar verir: "İlin sonuna qədər sülh müqaviləsinin imzalanması bir qədər mücərrəd məsələdir. Son zamanlar bu fikir müxtəlif şəxslər, dövlətlər tərəfindən işlədilir. Ancaq bu o demək deyil ki, biz ilin sonuna qədər sülh müqaviləsi imzalayacağıq. Ani bir təxribatla proseslər yenidən geri gedə bilər. Nəzərə almaq lazımdır ki, sülhü istəməyənlər də var. Onların prosesə müdaxiləsi nəticəsində proses sıfır nöqtəsinə gələ bilər. Digər bir tərəfdən sülh müqaviləsi üçün bizə formal kağız parçası lazım deyil. Məsələn, 1994-cü ildə atəşkəs haqqında sənəd imzalandı, ancaq Ermənistan buna əməl etmədi. Üçtərəfli bəyanata da əməl edilmədi. Ermənistandan maşa kimi istifadə etməyə çalışan dövlətlərin də hər hansı bir provokasiya etməyəcəklərinə əmin deyilik. Biz prosesi və gələcək təhdidləri sığortalamalıyıq. Bunun əsas şərtlərindən biri hərbçilərin mübadiləsi idi ki, bu da həyata keçirildi. Sərhədlərin demarkasiya və delimitasiya məsələsi də var. Yalnız bu şərtlər yerinə yetirildikdən sonra sülh müqaviləsi imzalana bilər".

Kənan 

Sitat.info



Xəbər xətti