Rusiyanın MDB-yə bəslədiyi ümidlər...

13:43 19 Dekabr 2023

"Moskvada dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirildi. Bu, ilin sonu üçün ənənəvi islacdır. Kreml MDB üzvlərini Moskvaya toplamaqla həm tərəfdaşlarıyla ilə yekun vurur, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərbə bu şəkildə mesaj göndərir: “Rusiya təcrid olunmayıb, qonşularının bir çoxu ilə siyasi və iqtisadi əlaqələrini gücləndirib”. Təsadüfi deyil ki, toplantı çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustin həmkarlarına “Rusiya” beynəlxalq sərgi-forumuna baxış təşkil edib. MDB-yə sədrlik 2024-cü ildə Rusiyaya keçəcək. Bu ilə təşkilata Qırğızıstan sədrlik edirdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, baş nazir Əli Əsədov toplantıdakı çıxışında Azərbaycanın MDB formatında ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb: "Əli Əsədov xatırladıb ki, 2025-ci ildə III MDB ölkələri Oyunları Gəncədə keçiriləcək. Baş nazir çıxışında Azərbaycan-Ermənista danışıqlarına da toxunaraq Bakının İrəvanla konstrtuktiv dialoqu davam etdirməkdə maraqlı olduğunu söyləyib. Əli Əsədov bu mövzuda çıxışını “yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgə yaşayış ümidləri bəxş edəcək” cümləsiylə bitirib".

Politoloq hesab edir ki, Müstəqil Dövlət Birliyi formal olaraq fəaliyyət göstərir: "Bu format çərçivəsində üzv ölkələr sadəcə, görüşüb, fikir mübadiləsi aparmaq üçün imkan qazanırlar. Azərbaycan və digər üzv dövlətlər ikitərəfli əlaqələrə əhəmiyyət verirlər. Keçən il Azərbaycanın birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb. Kreml də MDB-nin gücləndirilməsinin mümkün olmadığını anladığından qonşularıyla ikitərəfli əlaqələrin gücləndirilməsi siyasətinə üstünlük verib".

E.Şahinoğlu onu da əlavə etdi ki, Rusiyanın ikitərəfli əlaqələrə önəm verməsinə nümunə kimi Moskva-Pekin əlaqələrini göstərmək olar: "Mixail Mişustin Moskvadakı toplantıdan bir gün sonra Pekinə səfər edib. Mişustin Çin lideri Si Tsinpin və bu ölkənin baş naziri Li Çianqla görüşəcək. Pekində iki ölkənin hökuməti başçılarının 28-ci görüşü keçiriləcək. Tərəflər ticarət əməkdaşlığını daha gücləndirmək və birgə iri layihələrin reallaşmasını sürətləndirmək istəyirlər.

Qərbin sanksiyaları ilə üzləşən Çin bazarı Rusiya üçün xilas yoludur.  Misal üçün Rusiya Qərb ölkələrinə sata bilmədiyi neft və qazını Çinə yönəldib. Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib. Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. Qazın Çinə ixracı 2019-cu ilin dekabrında başlayıb. Bu o deməkdir ki, Rusiya Ukraynaya qarşı müharibə qərarı verməmişdən əvvəl Avropaya sata bilməcəyi qazı Çinə sata biləcəyini hesablamışdı və Pekin də bununla razılaşmışdı. Deməli, Kreml Ukraynaya qarşı hərbi əməliyyata başlaya biləcəyi planı ilə Pekinlə bölüşmüşdü. Halbuki, çinli rəsmilər Rusiyanın Ukraynaya hücum edəcəyindən xəbərsiz olduqlarını bildirirdilər. Rusiya üçün Çinlə strateji tərəfdaşlıq önəmli olduğu kimi iki ölkənin iştirakçısı olduğu Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) MDB-ni üstələyir. Rusiya və Çin hazırda bu iki təşkilata daha çox dövlətin qəbuluna çalışırlar. Moskva ilə Pekinin məqsədi bu yolla Amerika Birləşmiş Ştatlarının hegemon mövqeyinə son qoymaqdır. Buna cavab olaraq da Vaşinqton Rusiya və Çinə qarşı ittifaqları gücləndirir".

Nərgiz,

Sitat.info

 



Xəbər xətti