"Müharibə Rusiyanın xeyrinə başa çatacaq" - Siyasi şərhçi

01:23 20 Dekabr 2023

Bəzi Avropa ölkələrindəki diplomatlar ABŞ-nin keçmiş dövlət başçısı Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıracağından narahatdırlar.

"2024-cü ildə keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlmək şansı var. Hazırki demokratları təmsil edən prezident Baydenin xarici siyasətindəki müəyyən addımlar, o cümlədən radikallığa yol verməsi, çıxışları zamanı tez-tez çaşması, sözlərini unutması və s. onun reytinqinə mənfi təsir edən amillərdəndir ki, bu da Trampın lehinədir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. 

Onun sözlərinə görə, Trampın seçkilərdə qalib gəlmək şansının olmasına baxmayaraq, gözlənilməz bir şəxs də prezidentlik postuna gələ bilər: "Bundan sonra Şərqi Avropa və Yaxın Şərqdə baş verən hadisələr, yəni müharibələrin gedişi, o cümlədən ABŞ-ın Rusiya və Türkiyə ilə münasibətləri seçkilərə birbaşa təsir edəcək. Yəni seçkilərin nəticəsi sadəcə seçki kompaniyasından asılı deyil. Tramp hakimiyyətə gəlsə, o vaxta qədər Ukrayna müharibəsi başa çatmasa, müəyyən mənada müharibədə yumşalma ola və hətta müharibə dayana bilər".

K. Novruzov qeyd edib ki, Tramp bir neçə dəfə vurğulayıb ki, mən bir sutkaya müharibəni bitirə bilərəm: "Amma bu, ehtimal ki, ABŞ-ın Ukraynaya dəstəyini dayandırması ilə olacaq. Belə olduqda müharibə Rusiyanın xeyrinə başa çatacaq. Çünki Trampla Putin arasındakı münasibətlər daha yaxşı idi. Tramp daha loyal, konstruktiv addımlara meyilli siyasətçidir. Tramp hakimiyyətə gəlsə Bayden kimi davranmayacaq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti