Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya yardımının davam etməli olduğunu bildirib
Sitat.info xəbər verir ki, o, əminliklə danışıb: "Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək və razılaşdığımızı sona qədər yerinə yetirəcək”.
Zelenski paytaxt Kiyevdə keçirilən illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Vladimir Zelenski bəyan edib ki, Ukraynada davam edən müharibədə ordusunun cəbhədəki ehtiyaclarını ödəmək üçün beynəlxalq maliyyə yardımı və silah yardımının davam etdirilməsi vacibdir.
Zelenski ABŞ-ın Ukraynaya yardımının davam etməsinin vacibliyini bildirib: "Maliyyə yardıma gəlincə, biz çox çalışırıq. Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək və razılaşdığımız şeyi sona qədər yerinə yetirəcək".
“Rusiya ilə danışıqlar gündəmdə deyil”
Rusiya ilə danışıqların mümkünlüyünə toxunan Zelenski bildirib ki, Rusiya tərəfi buna hazır deyil. "Bu gün bu məsələ aktual deyil. Mən Rusiyadan tələb görmürəm. Onların davranışlarında bunu görə bilmirəm. Onların ritorikasında yalnız təkəbbür və qətl görürəm".
“Rusiya məqsədinə nail ola bilmədi”
Bu il Rusiya-Ukrayna müharibəsində cəbhədə baş verənləri dəyərləndirən Zelenski Rusiya ordusunun Ukraynada heç bir nəticə əldə edə bilməyəcəyini bildirib. Zelenski: “Rusiya heç bir məqsədə nail ola bilmədi” -deyə bildirib.
Zelenski Rusiyanın məqsədinin bütün Ukraynanı işğal etmək olduğunu və Rusiya tərəfinin buna nail ola bilməyəcəyini bildirib.
“Cəsarətimizi itirməsək, müharibəni daha tez bitirəcəyik”
Ukraynada cəbhə xəttində qarşıdurmaların davam etdiyinə diqqət çəkən Zelenski müharibənin nə qədər davam edəcəyini heç kimin bilmədiklərini deyib. “Cəsarətimizi itirməsək, müharibəni daha tez bitirəcəyik”.
Ukrayna hava məkanını effektiv şəkildə qorumaq üçün daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac duyduqlarını bildirən Zelenski, qış dövründə ölkəsinə daha bir neçə PATRIOT sistemi gətirəcəklərini bildirdi.
Zelenski ordu rəsmilərinin 450-500 min nəfərlə səfərbərlik təklif etdiyini və mövzu ilə bağlı qanun layihəsi ortaya çıxacağı təqdirdə detalları eşitmək istədiyini deyib: "Çünki bu, ilk növbədə, xalq məsələsidir. İkincisi, bu, ədalət məsələsidir. Bu, müdafiə qabiliyyəti məsələsidir, maliyyə məsələsidir. İnsanlara gəldikdə, mənə təfərrüatlar lazımdır".
Zelenski bildirib ki, səfərbərlik halında qadınların orduya çağırılması ilə bağlı qanun layihəsi hazırlansa, o, bunu imzalamayacaq.
Ukraynanın NATO ilə inteqrasiya prosesi ilə bağlı sualı cavablandıran Zelenski bildirib ki, ölkəsi hələ açıq şəkildə NATO-ya dəvət olunmayıb, lakin NATO ilə inteqrasiya onlar üçün “ən güclü variantdır”.
İsrail-Fələstin münaqişəsinin Ukraynaya təsiri
Zelenski bu suala cavab olaraq həm İsrailin, həm də Fələstinin siyasətini qəbul etdiklərini deyib: "Hər iki ölkənin siyasətini tanıyırıq. Bunun faciə olduğunu və hər iki ölkənin torpaqlarında humanitar nəticələrin dəhşətli olduğunu qəbul edirik. Biz İsrail xalqının müstəqilliyini də, Fələstin xalqının müstəqilliyini də tanıyırıq" .
Nərgiz,
Sitat.info