"Qərbin Putin əleyhinə apardığı təbliğat kampaniyasında çox fəal şəkildə iştirak edən və Qərbin təhrikiylə də Putinlə görüşdən yayınan Ermənistan baş naziri Paşinyan, nəhayət, bu gün Sankt-Peterburqa yola düşüb. Onu Rusiya rəhbəriylə olduqca çətin, gərgin danışıqlar gözləyir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şükürlü deyib.
O bildirib ki, Azərbaycan prezidenti Əliyevin də Sankt-Peterburqa gedəcəyi gözlənilir: "Xatırladaq ki, Əliyevlə Paşinyan Putinin vasitəçiliyi ilə sonuncu dəfə mayın 25-də Avrasiya İttifaqının toplantısında görüşmüş və mübahisə etmişdilər. Həmin vaxt Paşinyan elə tədbirin gedişindəcə Əliyevin "Zəngəzur dəhlizi"nin açılmasını Rusiyanın da istədiyi fikrinə etiraz edərək, bunu Putinin öz dilindən eşitmək istədiyini vurğulamışdı. İndi görək, Paşinyan bu dəfə Qərbin cinayətkar saydığı və həbs etməyə çalışdığı Putinin dilindən nələr eşidəcək?!".
Politoloq vurğulayıb ki, yanvar ayında Putinin Türkiyəyə səfəri planlaşdırılır, eyni zamanda, Vaşinqton da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayır: "Əgər Putin Sankt-Peterburqda Əliyevlə Paşinyanı sabah yenidən bir masa arxasına gətirməyi bacarsa, böyük ehtimalla, Ərdoğan-Putin tandemi Vaşinqton görüşünədək tərəflər arasında sülhün əldə edilməsi prosesində də amerikalıları qabaqlayacaq".
Məğrur,
Sitat.info