Son zamanlar sosial şəbəkələrdə boş şampun qablarına naməlum mayelərin tökülərək hazırlanması ilə bağlı görüntülər yayılıb. Bu, cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Sitat.info-ya Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov açıqlama verib.
Onun sözlərinə görə, bədən üçün şampunlar, yuyucu tozlar, eləcə də qab yuyucu şampunlarla bağlı ölkənin əmtəə bazarında daim problem yaraşır. Bu problem illərdir təkrarlanır. Ölkədə istifadə olunmuş şampun qablarının yığılıb içinə naməlum mayelərin tökülməsi problemi mövcuddur:
"Azərbaycan hökümətinin biznes qurumları üçün yaratdığı şəraitdən sui-istifadə olunur. Ölkədə bədən, saç, qab yuyucu şampunların arzuolunmaz biznesi mövcuddur və bunların saxtasını ayırd etmək elə də asan deyil. Təəssüflər olsun ki, bu bizneslə xaricdən şampun gətirərək qanuni məşğul olan şirkətlər də öz bazarlarını təmizləmək üçün heç bir iş aparmır".
E. Hüseynov qeyd edib ki, bu cür şampunlar ciddi dəri xəstəliklərinə səbəb ola bilər: "İstehlakçılar üçün həmin şampunların saxtasını ayırd etmək olduqca çətindir. Çünki etiket tullanılan qabların üstündə olur və həmin qablar ikinci dəfə eyni etiketlə istifadə edilir. Ona görə də ölkədə mükəmməl istehlakçı siyasəti nə qədər ki, formalaşmayıb, istehlakçı hüquqlarını qoruyan dövlət orqanı normal işləmir belə hallarla qarşılaşacağıq.
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun"a görə istehlakçılar bu kimi şübhəli hallarla qarşılaşdıqda 195 qaynar xətti ilə dövlət orqanlarına məlumat verməlidir".
Seymur Bənnayev
Sitat.info