"Əgər Ermənistan Azərbaycan ilə münasibətlərini normallaşdırmaq istiqamətində daha da irəliyə doğru addım atmaq istəyirsə, o zaman keçmiş qondarma rejimin "prezidenti" Şahramanyan və bu qərarı dəstəkləyənlərə qarşı Ermənistanın hüquq sisteminin imkan verdiyi müəyyən maddələrlə cinayət işi açsın. Əgər Şahramanyan da Paşinyanla paralel olaraq qərar verib, sərənam imzalayacaqsa o zaman kim Ermənistanla necə əməkdaşlıq edəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, bir ölkədə fərman və sərəncam imzalayacaq bir şəxs olur, amma Paşinyanın isə alternativi ortaya çıxıb: "Paşinyanın partiyadakı silahdaşları, vəzifədəki tərəfdarları tərəfindən Şahramanyana qarşı müəyyən addımlar atılır. Ancaq bunlar da söz yığınından o yana keçmir. Maraqlı budur ki, Şahramanyan Qarabağdakı keçmiş separatçı rejimi yenidən bərpa edirsə, sentyabrın 28-də imzaladığı sənədi heçə sayırsa, sual olunur ki, bəs o niyə İrəvandadır, Qarabağda öz kabinetində deyil?".
Ə. Verdiyev xatırlatdı ki, Azərbaycan əsgərinin qarşısında 24 saat tab gətirə bilmədilər, təslim aktı imzaladılar: "Quyruğu qapı arasından çıxan kimi yenə ağzına gələn bəyanatları səsləndirir. Onun dediyi bəyanatları biz Araikdən, Saakyandan və digərlərindən eşitmişik. İndi onlar artıq Bakıda dəmirbarmaqlıqlar arxasındadır. Şahramanyanı da rəsmi Bakı tələb edə bilər və Ermənistan tərəfi onu verməyə bilməz".
Nərgiz,
Sitat.info