Rusiya və Ermənistan arasındakı saxta gərginlik: Onlar bundan necə istifadə edirlər?

18:55 26 Dekabr 2023

Rusiya ilə Ermənistan arasında bir neçə aydır davam edən soyuq savaş hər ikisinə sərf edir, çox güman ki, bu ritorikanı davam etdirəcəklər. Doğrudur, bu görüşdə səmimi pozlar verməyə çalışacaqlar, əl sıxacaqlar, şəkillər çəkiləcək, qarşılıqlı bəyanatlar, xalqların dostluğu və sairdən danışılacaq. Ancaq daha sonra yenidən sərt ritorika davam edəcək. Çünki bu hər iki tərəfə gəlir gətirir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Ermənistan özünü qərbyönümlü göstərərək, kifayət qədər ciddi yardımlar alır: "Həm də Ermənistanın indiki hakim komandası insanların beyninə haqlı olaraq yeritdi ki, Rusiya bizi satdı, arxamızda durmadı, müharibədə dəstək olmadı, hansı ki, 2 əsr biz onların dediyi ilə oturub-dururuq. Bu tezisə görə artıq Ermənistanda son illər baş verənlərə görə Paşinyanı günahkar çıxartmaq olmur. O məsuliyyətdən çox asanlıqla yayınır ki, mən nə edə bilərəm, bütün gələcəyimizi, hərbi sistemi, təhlükəsizlik konsepsiyamızı Kremlə bağlamışdıq və Rusiya da bizi satdı. Hətta orada mövcud olan sülhməramlılar da bizi qorumadılar, Azərbaycan onları da tapdaladı keçdi və Xankəndinə daxil oldu. Bu ritorika Paşinyana sərf edir və cəmiyyətdə ona qarşı olan kini və qəzəbi Rusiyaya yönəldir". 

Ekspertin fikrincə, eyni zamanda bu durum Rusiyaya da sərf edir: "Rusiya özünü qərbpərəst kimi təqdim edən Ermənistan üzərindən çox ciddi maraqlarını təmin edir. Ticarət dövriyyəsi 4 dəfə artıb. Belə gərginlik, küskünlük olmur. Müəyyən inciklik var, Ermənistan özünü valideyndən küsən uşaq kimi aparır. Çünki müharibədə Türkiyə və Azərbaycan Rusiyanı tamamilə neytrallaşdıra bildi. Bu  "gərginlik"dən istifadə edən Rusiya ötən 2 il ərzində Ermənistan üzərindən 7 milyard dollarlıq yarımkeçiricilər, mikrosxemlər alıb. Burada Fransa, ABŞ, Sinqapur, Çinin bəzi şəhərləri təchizatçı kimi iştirak ediblər. Bu ölkələr birbaşa Rusiyaya bu məhsulları satmaq istəmirlər. Silah məsələsində və hərbi təyinatlı mallar məsələsində sanksiyalara çox ciddi yanaşırlar. Onlar Ermənistan üzərindən bu məhsulları satmış olurlar". 

Məğrur,

Sitat.info



Xəbər xətti