Gələn ilin əvvəlində mühüm sənədlər imzalana bilər: İki problemli məqam qalır...

15:21 27 Dekabr 2023

"Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı ilkin sənədlərin imzalanması üçün şans var. Gələn ilin əvvəlində müxtəlif protokolların ayrı-ayrı ölkələrdə imzalanması ola bilər. Bunun ilki Rusiyada baş tuta bilər. Bizim üçün bunun heç bir fərqi yoxdur. Ardınca Brüssel və Vaşinqton formatları da işə düşə bilər. Bəzi məlumatlara görə, gələn ilin əvvələrində Azərbaycanın xarici işlər nazirinin Vaşinqtona səfəri gözlənilir. Bu sənədin harada imzalanması bizim üçün önəmli deyil, istər Soçidə, istər Moskvada olsun".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, gələn ilin əvvəlində bir neçə protokol imzalana bilər: "Məsələn, ərazi bütövlüyünün qəbul edilməsi protokolu ola bilər, demarkasiya və delimitasiya ilə bağlı prinsiplərin razılaşdırılması protokolu ola bilər, eyni zamanda kommunikasiyaların açılması protokolları imzalana bilər. 

Daha sonra İşçi Qrup yaradıla bilər və böyük ehtimalla bu İşçi Qrup Tiflisdə oturacaq. Azərbaycan prezidentinin də bu cür fikirləri olmuşdu. Bu İşçi Qrupun qarşısında iki əsas problem durur. Ərazi bütövlüyü məsələsi həll olunub. Ancaq delimitasiya və demarkasiya uzun illər çəkə biləcək məsələdir".

N.Cəfərli vurğuladı ki, digər vacib məsələ kommunikasiyalarla bağlıdır: " Burada isə məsələ Azərbaycandan asılı deyil, yola Rusiyanın, yoxsa Ermənistanın nəzarət etməsidir. Bunun da Azərbaycan üçün ciddi fərqi yoxdur, yaxşı olar ki, Ermənistan olsun. Çünki bu zaman qarşılıqlı asılılıq yaranır və təsir vasitəsi yaranır. Bu da işlərin daha rəvan getməsi deməkdir. Rusiya nəzarət edərsə, münasibətlərdə gərginlik olan kimi problem çıxartmağa çalışacaq". 

Məğrur,

Sitat.info



Xəbər xətti