12 illik təhsil bizə nələr vəd edir? Kamran Əsədovun təhlili

14:06 29 Dekabr 2023

"Ölkəmizdə 11 illik sistem tətbiq olunur və 12 illik təhsilə keçilməsi planlaşdırılıb. Bu müddəanın əhəmiyyətliliyini aşağıdakı şərtlərlə əsaslandırmaq olar.

Əvvəla, Dövlət Strategiyasında göstərildiyi kimi, “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3-6 faiz artmasına gətirib çıxarır.

İkinci,12 illik ümumi təhsil sisteminə keçid dünyanın bu standartlarla işləyən çox sayda ölkələri ilə müəyyən təhsil mübadilələrinin səmərəli qurulmasına imkan yaradır".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, digər bir məsələ ümumi təhsilin dəyəryönümlü məqsəd daşıması, şəxsiyyətin, vətəndaşın formalaşmasına xidmət etməsi missiyası özlüyündə təhsil müddətinin az və ya çox dərəcədə uzun olmasını tələb edir: "Başqa sözlə, dəyərlərin mənimsənilməsinin keyfiyyəti xarakter etibarı ilə ümumi təhsilin müddətindən daha çox asılıdır. Belə olduğu təqdirdə davamlı təhsilin daha möhkəm bünövrəsinin yaradılması üçün imkan yaranmış olur".

K.Əsədovun fikrincə, məktəb təcrübəsi göstərir ki, ümumi təhsildə uğurlu fəaliyyət onun optimal modelindən çox asılıdır: "Təbii ki, belə təhsil modelləri yaradılarkən məqsəd və vəzifələrin düzgün müəyyənləşdirilməsi vacib şərt kimi nəzərə alınır. Ona görə də, ilk növbədə, məqsədin müəyyən olunmasına xüsusi önəm verilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi təhsilin məqsədi xüsusi olaraq göstərilmişdir: “Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını tələb edir. Bunların təmin olunması üçün isə müddət əsas şərtlərdən biridir”.

Təhsil ekspert vurğulayır ki, apardığımız aşdırmalara görə dünyanın ümumi təhsil modellərində çox müxtəliflik var: " Xüsusilə ibtidai təhsil səviyyəsində bu müxtəlifliklər çox nəzərə çarpır. Konkret olaraq təcrübəsi öyrənilən 59 ölkədə ibtidai təhsil səviyyəsi müddəti müxtəlifdir: 14 ölkədə 4, 7 ölkədə 5, 23 ölkədə 6, 1 ölkədə 7, 5 ölkədə 8, 5 ölkədə 9, 4 ölkədə ştat və regionlardan asılı olaraq 4 (5) və ya (6) il müəyyən olunur.

Hesab edirəm ki, müddətin uzaldılması tədris yükünün də paylanmasına və nəticədə yüngülləşməsinə gətirib çıxaracaq".

Məğrur,

Sitat.info



Xəbər xətti