Deputat uşaqpulundan danışdı: Ailələri qorumaq üçün...

16:56 29 Dekabr 2023

"Uşağın dünyaya gəlməsi və böyüməsinə pul lazımdır. Uşaq qidaları da olduqca bahadır. Bir çox analar görür ki, dünyaya gətirdikləri övlada baxa bilməyəcəklər, onu dünyaya gətirmək istəmir. Gənclərimiz 30 yaşına çatıb, ancaq evlənmək istəmir. Düşünür ki, ailəsini ləyaqətli şəkildə dolandıra bilməyəcək. Əgər biz ona iş təklif etsək belə, aylıq 350-400 manat maaş alacaq. İndi 400 manatla ailə dolandırmaq mümkündürmü? Heç 1000 manatla da  ailə saxlamaq mümkün deyil. Ona görə də insanların evlənmək istəməməsi, uşaq dünyaya gətirmək istəməməsi təbii hisslərdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, insanların təməl ehtiyacları var və bunu dövlət ödəməlidir: "Ev almaq, maşın almaq insanın özünü əldə etməli olduğu məsələlərdir. Heç kim dövlətə demir ki, mənə bahalı maşın al, ev al. Vətəndaşların belə tələbi yoxdur. Əsas ehtiyaclar var ki, onu dövlət qarşılamalıdır. Buraya vətəndaşın sağlamlığının qorunması, səhiyyə xidmətlərinin əlçatanlığı daxildir. Nə qədər çatışmayan cəhətləri olsa da bu gün icbari tibbi sığorta bunu müəyyən qədər qarşılayır. Təhsil - dövlət hər bir vətəndaşına təhsil verməyə borcludur. Bir də uşağın dünyaya gəlməsinə görə... Çünki o uşaq bu cəmiyyətin üzvüdür, o vətəndaşır. O vətəndaş olduğuna görə dövlət dövlətdir, nazir nazirdir, prezident prezidentdir. Uşaq həyata gələn zaman ən azı uşaq yeməyinin pulu verilməlidir. Onun sağlam böyüməsi aldığı qidadan asılıdır". 

Deputat uşaqpulu ilə bağlı səslənən əsassız fikirlərə də cavab verib: "İndi belə fikir də bildirirlər ki, guya uşaqpulu verilsə ailələr 5-10 uşaq dünyaya gətirəcəklər. Mən bu fikirlə razı deyiləm. İnsanların artıq düşüncəsi dəyişib, müasirləşib. Maksimum 3-4 uşaq dünyaya gətirəcəklər. Əgər tendensiya 5 və daha çox uşağa gedirsə, o zaman qərar verilə bilər ki, ilk iki uşağa uşaqpulu veriləcək, ardınca doğulan uşaqların xərclərini valideyn özü ödəyəcək. Bunu bəhanə gətirmək lazım deyil".

Nərgiz,

Sitat.info 



Xəbər xətti