İqtisadçı AYNA-nı tənqid atəşinə tutdu: "15 sutka həbs edəcəklər ki, heç kim bunların bazarına girməsin"

12:18 25 İyul 2024

Azərbaycanda qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq.

Sitat.info bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib.

Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 300-500 manat cərimə edilir. Bu tədbirlər kifayət sayılmadıqda 15 günə qədər müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir.

Həmçinin ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilib", - deyə məlumatda qeyd olunub.

 Məsələ ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, həbs, azadlıqdan məhrum etmə - bunlar çox ağır cəzalardır: "İnsan azadlığı çox vacib dəyərdir, indi hansısa bir işsiz, kasıb vətəndaş risk edib, məsələn, marketin qabağında kimdənsə 20 qəpik alsa, onu 15 sutkaya qədər həbs edə bilərlər.

Mən,   keçən ay şəhər ərazisində parklanmaya görə 23 manat ödəmişəm. Mən, vətəndaş bu vəsaiti sizə niyə ödəyirəm, bunun müqabilində AYNA olaraq mənə, vətəndaşa hansı xidmət göstərirsiniz?! Onu da deyim ki, sizin əsasnamənizə görə topladığınız vəsait və cərimələrin 50%-nə qədərini öz işçilərinizə əlavə maaş kimi yaza bilirsiniz – yəni, mən 23 manat ödəmişəm ki, siz, məsələn, öz rəhbər işçilərinizə əlavə mükafat yazasınız?!". 

İqtisadçı qeyd edib ki, parklanma işinin məntiqi başqadır – inkişaf etmiş ölkələrdə bu sahə seçki əsasında formalaşmış şəhər Bələdiyyələrinin səlahiyyətindədir: "Şəhərin seçki ilə seçilən Məclisi, Bələdiyyə Sədri parklanmadan daxil olan vəsaitlə bağlı şəffaf hesabat verir, o vəsaiti VƏTƏNDAŞ üçün xərcləməyin yollarını axtarır – məsələn, Bələdiyyə həmin pullarla yeni parklar salır, məhəllə yollarını təmir edir, məişət tullantılarının daşınmasını təmin edir, uşaq meydançaları tikir  və s. Bəs bizdə AYNA yığdığı vəsaiti nə edir – bəli, TOP menecerlərin maaşını artırır, onlara mükafat yazır.

Sonra da lobbiçilik edirlər, işsiz vətəndaşın marketin qarşısında 20 qəpik almasına görə 15 sutkalıq cəzalanma tələb edir ki, heç kim bunların bazarına girməsin".

Nərgiz,

Sitat.info



Xəbər xətti