Bir neçə həftə öncə ölkədə Aİ 92 və dizel yanacağının qiyməti artırıldı. Seçki elan olunandan sonra belə qiymət artımının dünyada analoqu yoxdur, məntiqlə, heç olmasa oktyabra qədər gözləməli idilər, amma sözümün canı bu deyil. Qiymət artımından sonra sürücülərdən benzin və dizelin keyfiyyəti, ən əsası da, sürüş məsafəsi ilə bağlı çoxsaylı şikayətlər var. Məsələn, əvvəllər 10 litr Aİ 92 ilə 100 km sürmək mümkün idisə, indi həmin həcm 75-80 km məsafəyə bəs edir. Yəni, çoxsaylı belə iddialar var, amma mən bu iddiaları nə təsdiq, nə də təkzib edə bilmərəm axı, bunun üçün ciddi yoxlamalar, monitoriq aparılmalı, yanacağın keyfiyyəti labaratoriyalarda yoxlanılmalıdır".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, dövlət qurumları bu suallara aydınlıq gətirməlidir: "Bəs bu məsələ haqqında ictimayyəti kim bilgiləndirməlidir – İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti. Onlar isə hər işlə məşğul olma imitasiyası yaradırlar, bircə birbaşa səlahiyyətlərinə aid heç nə etmirlər. Əslində bu Xidmətin birbaşa borcudur ki, yayılan iddialara aydınlıq gətirsin, rəsmi açıqlama versin – həm istehlakçıların hüquqlarını qorumağa borcludurlar, həm də antiinhisar qanunveciliyinə görə bu addımı atmalıdırlar. Çünki, pərakəndə yanacaq bazarında iki şirkət, “Azpetrol” və “SOCAR” hegemondurlar. Qanunvericiliyə görə Xidmət məlumat verməlidir ki, bu iki şirkət pərakəndə yanacaq satışında neçə faizlik paya malikdirlər, əgər 33%-dən çox bazara nəzarət edirlərsə, Xidmət BİRBAŞA onların işinə müdaxilə etmək hüququna malikdir. Sözün qısası, sürücülərin bu narazılığına rəsmi reaksiya vermək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin BİRBAŞA vəzifə borcudur, görək öz işləri ilə nə vaxtsa məşğul olacaqlarmı...".
Nərgiz,
Sitat.info