Son illər Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin strateji münasibətlərinin daha da dərinləşməsi müşahidə olunur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əlaqələr və eləcə də iqtisadi inteqrasiya meyilləri daha güclənməkdədir.
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı-alim , deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək:
“Pandemiyadan sonra ölkələr arasındakı ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2023-cü ildə 178.7 milyon dollara çatıb. 2018-ci il ilə müqayisədə isə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu da tərəflər arasındakə strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər”.
Azərbaycan Özbəkistan əlaqələrinə diqqət çəkən ekspert bildirib ki, ölkələr iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir:
“Azərbaycan və Özbəkistan müxtəlif sahələr üzrə təcrübə mübadiləsi də həyata keçirmək imkanlarına malikdirlər. Özbəkistan aqrar sektorda strateji məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir. Bu baxımdan, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb.
Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi. Artıq həmin məktəbdə Füzuli şəhər şagirdləri beynəlxalq standartlara uyğun təhsil ala bilirlər. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir”.