"Meymunçiçəyi virusu çiçəkkimilər qrupuna aiddir. Dünyanın ən qorxulu infeksiyalarından biri olan təbii çiçək və suçiçəyi də bu qrupa daxildir. Meymunçiçəyinin indiki ştammı mutasiya uğramış bir ştamdır və yoluxuculuq qabiliyyəti daha güclüdür".
Bu sözləri Sitat.info-ya açıqlamasında Mpox virusuna yoluxmalarla bağlı dünyadakı hazırki durumu dəyərləndirən tibb elmləri doktoru Adil Qeydbulla deyib.
O bildirib ki, yoluxma təmas, toxunma yolu ilədir: " Ona görə də, bunu hər kəs nəzərə almalıdır. Hazırda Afrikada, Konqoda bir ocaq var, ayrı-ayrı ölkələrdə isə separadik yayılma var. Bunun pandemiya şəklini alacağını düşünmürəm. Ancaq müəyyən yerlərdə epidemik ocaqlar ola bilər. Bunu da vaxtında lokallaşdıra biləcəklər. ÜST koronavirus pandemiyasından sonra bir acil durum elan edib. Bu o deməkdir ki, burada dövlət səhiyyə qurumlarının, eləcə də ictimai səhiyyə qurumlarının bütün imkanları səfərbər olunmalıdır".
A.Qeybulla vurğulayıb ki, hər bir dövlət özlüyündə tədbirlər görülməlidir: "Bu sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi, dərman ehtiyatlarının yaradılması, xəstəxanaların hazırlıq durumuna gətirilməsi və əhalinin maarifləndirilməsindən ibarətdir. Hər bir ölkə bu tədbirləri vaxtında görsə, vaxtında bu məsələni lokallaşdıra bilərik. Epidemik ocaqlar artsa vaksin istehsalı məsələsi gündəmə gələcək. Hələlik suçiçəyi vaksininin də effektiv ola biləcəyi düşünülür".
Məğrur Salmanov,
Sitat.info