Kiyevlə Moskva arasında dialoq ehtimalları bitir: Hindistan ən gərgin mərhələdə nə edə bilər?

13:55 28 Avqust 2024

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunu Rusiya ərazisindən çıxara bilmir. Rusiya bunun əvəzinə Ukraynanın şərqində işğalı genişləndirib, həm də Ukraynanın şəhər və qəsəbələrini intensiv şəkildə raket atəşinə tutub. Putin eyni zamanda Kiyevlə danışıqlara da hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski Putinlə danışığın əhəmiyyətsiz olduğu qənaətindədir. Tərəflər arasında dialoq üçün zəmin yoxdur".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, hazırda Hindistanın vasitəçilik məsələsi də gündəmdədir: "Bu arada, Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışıb. Modi Kiyevə səfərinin nəticələri barədə Putini məlumatlandırıb. Bu Ukraynanın müstəqilliyi tarixində Hindistan baş nazirinin Kiyevə ilk səfəri idi. Dehli Ukrayna mövzusunun Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb etdiyini anlayır. Bu səbəbdən Dehli Kiyevlə dialoqu genişləndirib. Modinin Kiyevə səfərindən başqa Hindistan Xarici İşlər Nazirliyinin katibi Pavan Kapur Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşüb.

Buna görə də həm Modinin Kiyevə səfəri, həm də Hindistanla Ukrayna arasında genişlənən dialoq Kremlin dəqqətini çəkib. Putin Modi ilə telefon danışığında Qərbi tənqid edib. Narendra Modi Putindən bir gün əvvəl ABŞ Prezidenti Cozef Baydenlə də telefonla danışmış, Ağ Ev sahibi ilə Ukraynaya səfərinin yekunları barədə fikir mübadiləsi aparmışdı. Bundan başqa Hindistanın müdafiə naziri Rajnath Singh Pentaqonda görüşlər keçirərək amerikalı həmkarı Lloyd Ostinlə hərbi əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər yarımkeçiricilər sahəsində əməkdaşlıq imkanlarını, süni intellekt və birgə elmi tədqiqatları müzakirə ediblər. Bundan başqa Hindistan “Tejas Mark 1A” reaktiv təyyarələri üçün ABŞ-ın “General Electric” şirkətinin F404 mühərriklərinin istehsalını nəzərdən keçirir. Göründüyü kimi, Dehlinin Moskva ilə müxtəlif sahələrdə əməkdaşlığına baxmayaraq, Hindistan hökuməti hərbi sahədə ABŞ-la əməkdaşlığın genişləndirilməsinə üstünlük verib. Çünki, Rusiya öz hərbi-sənaye kompleksini inkişaf etdirmək üçün yeni texnologiyalara sahib deyil. Bu olmadan isə dünya bazarlarında Rusiyanın hərbi texnikasına maraq azalacaq".

Nigar,

Sitat.info 



Xəbər xətti