Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

14:38 20 Sentyabr 2024

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli Milli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 30 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq “Əsrin Müqaviləsi”nə nəzər salaq. Müqavilənin operator kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilslər 34.1 faiz paya sahib ola bilmişdirlər. Qalan paylar digər iştirakı şirkətlər arasında bölüşdürülmüşdür: Chevron-Texaco (10.2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8.6%), ExxonMobil (8%), TPAO (6.8%), Devon Energy (5.6%), Itochu (3.9%), Amerada Hess (2.7%). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilmişdir və 6.5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı.

Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılmışdır. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılmışdır ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilmişdir. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olmuşdur. "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geo-siyasi üstünlüklər yaratdı. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi.

Əsrin Müqaviləsi ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktırları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və Əsrin Müqaviləsi nəticəsində ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyatı 1994-cü ildə 11.8% kiçilmişdisə 1995-ci ildə 1.3% artım dərin depresiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol aynayacaqdı.

Əsrin müqaviləsinin davamı və onun yaratdığı imkanlar kontektsində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır.

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur. "Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı “Yeni əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” ilə “Yeni əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü təbii ki, tamamilə fərqli idi.

“Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır.

Bu isə o deməkdir ki, Azərbaycan enerji ölkəsi statusunu hələ uzun müddət qoruyub saxlayacaq. Bütün bunlar ilə yanaşı isə, qeyri-neft sektorunun daha da inkişaf etdirməsi, iqtisadiyyatın diversifikasiyası daha da priorietləşməkdədir.




Xəbər xətti