COP29 ərəfəsində ölkəmizə hücumlar artıb: Bu qüvvələrin məqsədi və istəyi nədir?

12:03 5 Noyabr 2024

 

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparılmağa başlayıb.  Dünya dövlətlərinin Azərbaycana, onun Prezidentinə sərgilədiyi bu etimad - COP29-un ölkədə keçirilməsinə razılıq verilməsi  bəzi qüvvələrdə qısqanclıq yaradıb. Həmin  xarici dairələr var gücləri ilə Azərbaycana qarşı hərəkətə keçiblər və nəcib qlobal təşəbbüsə kölgə salmağa çalışırlar. Məqsəd çirkin niyyətlərini həyata keçirmək üçün Cənubi Qafqazda gərginlik yaratmaq, sülhə və sabitliyə mane olmaqdır.

Ölkəmizə qarşı sərgilənən qərəzli münasibəti şərh edən Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Azərbaycana qarşı uzun illər ərzində, torpaqlarımızın işğal altında olduğu 30 illik müddət ərzində ədalətsiz mövqe mövcud olub: "Biz mütəmadi olaraq Azərbaycana ikili standartlı yanaşmanın, işğalçı ilə işğal edilən tərəflər arasında fərq qoyulmamasının və bir çox hallarda da əksinə işğala məruz qalmağımıza baxmayaraq bizə edilən təzyiqlərin fərqində olmuşuq. Amma II Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbədən sonra Azərbaycana yönəlik bu ədalətsiz mövqe bir qədər də vüsət aldı. Bunun da kökündəki səbəb  ondan ibarətdir ki, biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, eyni zamanda çox böyük güclərin bu regionda olan maraqlarını və məqsədlərini puça çıxarmış olduq. Bu səbəbdəndir ki, Azərbaycan II Qarabağ savaşında ərazilərini işğaldan azad edəndən sonra bizə qarşı hücumların ardı-arası kəsilməz olub. Bunlar güclərdir ki, biz o planların üstündən xətt çəkmişik".

Millət vəkili qeyd edib ki, xüsusi ilə də COP29 ərəfəsində bu hücumlar artıb: "Məsələ burasındadır ki, COP29-un Azərbaycanda keçirilməsi səbəbilə ölkəmizə diqqət artıb. Beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə yönəlib, çünki COP29  kifayət qədər böyük bir tədbirdir və çox saylı dövlətlərdən qonaqlar, dövlət başçıları gələcək. Azərbaycana diqqətin artmasından istifadə edərək həmin güclər bir qədər də basqılarını gücləndiriblər.  Avropa parlamentində Azərbaycana qarşı saxta ittihamlar irəli sürülməsi, sanksiyalar tədbiq edilməsi üçün çağırışlara şahidlik edirik. Media orqanlarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məqalələr dərc edilməyə başlayıb".

A.ƏIizadə hesab edir ki, beynəlxalq müstəvidə ölkəmizin mənfi  imicini formalaşdırmaq istəyirlər: "Bu güclər bununla Azərbaycanı hansısa güzəştə getməyə, onların maraqlarına mane olmamağa məcbur etmək istəyirlər. Təbii ki, bu mümkün olan məsələ deyil. Biz necə ki, 30 il ərzində işğala məruz qalaraq və ədalətsiz mövqe ilə üzləşərək,  bütün bunlara rəğmən torpaqlarımızı işğaldan azad edə bildik, BMT qətnamələrini, digər Avropa Şurası, Avropa Parlamentinin işğalla bağlı qərar və qətnamələrini öz gücümüzə reallşdıra bildik, bütün bu prosesləri yönləndirə bildik, eləcə də üzərimizə gələn bu hücumların qarşısını almaqla heç bir zaman, heç bir məsələdə Azərbaycanın dövlət və milli maraqlarına zidd olan hallarda güzəştə getməyəcək, geri çəkilməyəcik".

Fatimə,

Sitat.info



Xəbər xətti